Saturday, January 10, 2009

Sıfırın Dəyərləndirməsi



Türk Dillərində Sıfır Morfem Hadisəsi


İbrahim Rəfrəf


Morfem dilin minimal mə'nalı hissələrinə deyilir. Mə'na dedikdə həm leksik mə'na, həm də qramatik vəzifə nəzərdə tutulur. Beləliklə morfem ən kiçik mə'na yaxud da qramatik funksiya daşıyan hissələrdən ibarətdir. Bu baxımdan demək olar ki, morfemlər sadə köklər və sadə şəkilçilərdən ibarətdir. Bir dildə hər bir morfem bir sadə qramatik funksiya daşıyırsa, o dil iltisaqi dil adlanır. Yaşar gəldi misalında gəldi sözündə iki morfem var. Birinci morfem (gəl) fe'lin köküdür. İkinci morfem (di) keçmiş zaman anlayışını ifadə edir. İltisaqiliyin nədən ibarət olduğunu bir qədər açmaq üçün bunun İngilizcə qarşılığına fikir verək. He goes (o gedir) və he went (o getdi). Burada ayırd etmək mümkün deyildir ki, went sözünün hansı hissəsi fe'lin kök mə'nasına, hansı hissəsi isə keçmiş zamana dəlalət edir. Went sözü bir kəlmə olaraq hər iki qarvamı ehtiva edir. Bu mə'nada İngilizcə iltisaqilikdən uzaq olan bir dildir.

İndi isə, Yaşar gəldi sözünü bir qədər artıq açıqlamaq istəyirik. Bütün qramer kitabları bunu sadə keçmiş zaman adlandırır. Fikir versək, burada üstəlik bir şühudilik anlayışı da var, başqa sözlə danışan şəxsin nitq mövzusu haqqında münasibəti. Bu, modallıq kateqoriyasıdır. Danışan şəxsin ifadəsi bizə anladır ki, o, hadisənin şahidi olmuşdur və sözündə qətiyyət var. Burada üstəlik aspekt anlayışı da var, hadisə keçmiş zamanda başlanıb, keçmiş zamanda da bitib və sürəkli də olmayıb. Aspekt "fe'lin zaman istiqamətində necə cərəyan etdiyini anladan kateqoriya"- dır və zaman kateqoriyası ilə qarışdırılmamalıdır. Son olaraq, burada şəxs anlayışı da var, üçüncü şəxsin tək forması. Bütün bu qramatik məfhumların hər birini ifadə etmək üçün bir morfem lazim olmalıdır. Görəsən bütün bu vəzifələr təkcə və təkcə bir şəkilçinin (di şəkilçisinin) üzərinə düşmüşdür? Burada dörd qramatik funksiya və təkcə bir şəkilçi var:


1 – Keçmiş zaman anlayışı (hadisə keçmiş zamanda baş vermişdir).

2 – Sadə aspekt anlayışı (hadisə sadə tərzdə baş vermişdir, uzun sürməmişdir və bitmişdir).

3 – Şühudilik anlayışı (danışan şəxs hadisəyə şahid olmuşdur və xəbərdən arxayındır).

4 – Üçüncü şəxs anlayışı


Yaşar gəldi cümləsini bütün şəxslərdə təsrif ediyimiz zaman yeni bir həqiqət ortaya çıxır.


1 - Mən gəldim. (m)

2 – sən gəldin. (n)

3 – O gəldi. (?)

4 - Biz gəldik. (k)

5 – Siz gəldiniz. (niz)

6 – Onlar gəldilər. (lər)


Hər cümlədə şəxs şəkilçisi dırnaq daxilində qeyd edilmişdir. Göründüyü kimi, üçüncü səxs müfrədin şəkilçisi yoxdur. Aydındır ki, mövcud olmayan şəkilçi o altı ifadəni bir- birilə qarışdırmağa yol vermir, və heç bir çaşqınlıq ortaya çıxmır. Görünür ki,, xalq öz dilində "sıfır morfem" deyə bir qramatik vasitə yaratmışdır. Riyaziyat və məntiqdə olduğu kimi, burada da, sıfır heçə bərabər deyil və zatən özlüyündə bir kəmiyyət sayılır. Yuxarıdakı misalda aspekt və şühudilik anlayışı da zatən sıfır morfem vasitəsi ilə tətbiq edilmişdir. Sıfır morfem bir çox misallarda öünü göztərməkdədir, ancaq bunu araşdırmadan öncə, bundan evvəl ismin geniş hal tablosu və xüsusilə ismin çılpaq halları barədə apardığımız bir araşdırmanı xatirlatmaq istəyirik. O araşdırmadan aydın olmuşdu ki, ismin bütün çılpaq hallarını adlıq hal adlandırmaq olmaz. Bunların qramatik funksiyası biri-birindən fərqlidir və onları "eyn arşınla ölçmək" olmaz. Zatən qramatik funksiyaları fərqli olduğu kimi, bunların şəkilçiləri də fərqlidir, ancaq bu fərqləri sıfır morfem anlayışı çərçivəsində görmək mümkün olacaq.


Ismin çılpaq halları:

Adlıq (nominativ) hal = = = = dəniz (sözlükdə olduğu kimi)

Təyini (atributiv) hal = = = = dəmir iradə

Təyinlənmə hal = = = = dəmir iradə

Müraciət halı (çağırış, xitablıq, vokativ hal) = = = = Dəniz, nə gözəlsən!

Mübtədalıq (subjektiv) hal = = = = Dəniz dalğalandı.

Xəbərlik (predikativ) hal = = = = Bakı, 1923-cü il.

Təsirlik (akuzativ) hal = = = = Mən dəniz gördüm.



İsmin Hallarının Geniş Tablosu:


1 - Adlıq (leksik ya nominativ) hal = = = = Dəniz

2 - Müraciət halı (çağırış, xitablıq, vokativ) hal = = = = Dəniz, nə gözəlsən!

3 - Mübtədalıq (subjektiv) hal = = = = Dəniz dalğalandı..

4 - Xəbərlik (predikativ) hal = = = = Bu, dənizdir.

5 - Tayini (atributiv) hal = = = = Dəmir iradə

6 - Təyinlənmə hal = = = = Dəmir iradə

7 - Genitiv hal (nisbət halı) = = = = Dənizin suyu, dəniz suyu

8 - Mənsubiyyət hal = = = = Ölkənin dənizi

9 - Yerlik (lokativ) hal = = = = Yaşar dənizdə.

10 - Çıxışlıq (ablativ) hal = = = = Yaşar dənizdən çıxdı.

11 - Yönlük (direktiv) hal = = = = Yaşar dənizə getdi.

12 - Təsirlik (akuzativ) hal = = = = Mən dəniz gördüm, dənizi gördüm.

13 - Araclıq (instrumental) hal = = = = Qələmlə yazmaq.

14 - Eşlik (birgəlik) hal = = = = Mən Yaşarla görüşdüm.


Sıfır morfemləri təmsil edən bə'zi misallar:


1 – İsmin sifət rolunda çıxış etməsi: Dəmir qapı, daş körpü, taxta dirək, saxsı qab.

2 – İsmin zərf rolunda çıxış etməsi: sabah görüşərik.

3 – İsmin mürəkkəb fe'llərin tərkib hissəsi kimi çıxış etdiyi hallar: qulaq asmaq, göz gəzdirmək vs.

4 – Sifətin isim rolunda çıxış etməsi: gözəllər, pullular, pulsuzlar, agı qaradan seçmək, bətərin bətəri vs.

5 – Mənsubiyyət hallarında: bizim qiz, sizin oğlan vs. (*)

6 – İsmin mübtədalıq halı: Yaşar gəldi.

7 – İsmin müraciət halı: dəniz, nə gözəlsən!

8 – İsmin qeyri- müəyyən tə'sirlik halı: mən dəniz gördüm.

9 – İsmin qeyri- müəyyən yiyəlik halı: ana dili, ceyran balası vs.

10 – İsmin müyəyyən tə'sirlik halı, birinci hissənin xüsusi və müəyyən bir mefhum olduğu halda: Azərbaycan dili (güclü müəyyənlik xarakteri daşıdığına görə, xüsusi adlar bə'zən yiyəlik şəkilçisi qəbul etmir. Hətta Füzuli şe'riFüzulinin şe'ri başqa- başqa mə'nalara dəlalət edir.

11 – İsmin adlıq cümlədə iştirak etdiyi durumda: Bakı, dəniz sahili,1937-ci il. Bu ismi xəbərlik halı ilə eyndir: Bu bir kitab.

13 – Fe'lin əmr formasında: Yaşar, bəri gəl.

14 – Zidd fe'llərin təkrarəndan əmələ gələn mürəkkəb isimlər: al-ver, götür-qoy, çal-cağır.

15 – Üçüncü şəxs anlayışını bütün zamanlarda ifadə etmək üçün: o gəlir, o gələr, o gəlib, o gəlmiş, o gələcək, vs. (*)

16 – Şərti cümlələrdə üçüncü şəxs anlayışını ifadə etmək üçün: o gəlsə.


İki məsələ diqqətdən yayınmıdır:

1 – Bir hecadan az olan morfemlər sıfır morfemlə qarışdırılmamalıdır: izləmək>izlənmək, dədə>dədəm.

2 – İxtisar olunmuş morfem sıfır morfemlə qarışdırılmamalıdır. İxtisar edilmış morfem mövcud olan bir morfemdir və ixtisar olduqdan sonra da özünü dolayı şəkildə göstərməkdədir. Məsələn o gəlib misalında ixtisar edilmiş morfemi yerinə qaytarmaq mümkündür: o gəlibdir. Halbuki, sıfır morfem hər zaman fonetik baximdan sıfır miqdarındadır, ancaq onun morfolojik dəyəri başqa şəkilçilər səviyyəsindədir. Beləliklə yuxarıdakı misallarda (*) işarəsi ilə qeyd edilmiş örnəkləri sıradan çıxara bilərik, çünki onlarda sıfır morfem deyil, sadəcə ixtisar olunmuş morfemlər görünür.


Ancaq sıfır morfem anlayışını təmsil edən misallar çoxdur, necə ki, bundan evvəl gördüyümüz kimi, yaşar gəldi misalında 4 qramatik kateqoriya və ancaq bir şəkilçi var. Bu 4 qramatik funkdsiyanı bir daha sıralamaq faydalı olar:


1 – Keçmiş zaman anlayışı (hadisə keçmiş zamanda baş vermişdir).

2 – Sadə aspekt anlayışı (hadisə uzun sürməmişdir və bitmişdir).

3 – Şühudilik anlayışı (danışan şəxs hadisəyə şahid olmuş və arxayındır).

4 – Üçüncü şəxs anlayışı


Buradakı gözəgörünməz morfemləri tehlil etmək lazimdir və biz sıfır morfem anlayışını daha geniş təhlil etməyi gələcək yazılarda qərara almışıq. Hörməti oxuculardan bu barədə fikirlərini bizimlə paylaşmagı rica edirik və dilçilik sahəsində çalışan tədqiqatçilardan rica edirik ki, bu və başqa dilçilik mövzuları barədə yazılarını saytımızda dərc etmək üçün bizə göndərsinlər və bəri başdan öz təşəkkürlərimizi bildiririk. Saytımıza aktual olan bir mövzu da aspekt mövzusudur.. Azərbancan dilçiliyində az araşdırılmış olan aspekt məsələsini diqqət mərkəzinə gətirmək istəyirik və bu barədə bütün tədqiqatçılara üz tuturuq.



Dərin Hörmətlə,

İbrahim Rəfrəf (Ana Dil Araşdırmaları Redaktoru)


anadilbilimocagi@yahoo.com




1 comment:

Anonymous said...

Hi!
Very good blog indeed, rich context and visually appealing view. There's just one thing I noticed, in the title of this section, "Bir- iki məsələ diqqətdən yayınmamalıdır", the word "Bir" is written out of the blue box and is practically invisible.
I have a few more suggestions which I will tell you in person.
See you soon,
Farhad

 
Site Meter