Saturday, February 7, 2009

Aspekt və Zaman (1)


İbrahim Rəfrəf



Aspekt və Zaman Haqqında Ümumi Anlayış


Dilçilik baxımından bir fe'l mücərrəd halda (məsdər halında) zamansızdır, ancaq cümlə tərkibində zaman anlayışı ilə sıx bağlıdır. Zaman anlayışı aspekt anlayışı ilə əksər hallarda qarışdırılır, ancaq bunların arasında mahiyyət fərqi mövcuddur. Aspekt (tərz) hadisənin zaman istiqamətində necə cərəyan etməsini təmsil edər. Misal üçün İngilizcədə I swim I am swimming cümlələrinin hər ikisi indiki zamanda ifadə olmuşdur, onların fərqi isə aspekt fərqidir. Aspekt dedikdə, morfolojik vasitələrlə ifadə olunan tərz nəzərdə tutulur. Leksik (fe'lin daxili mə'nası hesabına) və sintaktik (söz birləşmələri hesabına) yaranan aspekt anlayışı bəhsimizə daxil deyildir, çünki bu növ tərz ifadələri bütün dillərdə mümkündür. Bə'zi dillərdə tərzləri fərqləndirmək üçün geniş qramatik vasitələr mövcuddur, elə dillər də var ki, onlarda fe'lin tərz xüsusiyyətini anladan heç bir vasitə yoxdur. Hətta tərz anlayışını ifadə edən formal vasitələrə malik olmayan dillər də başqa vasitələrlə (misal üçün zərf, söz birləşmələri, fe'lin təkrarı və başqa yollarla) tərz anlayışını ifadə etmək imkanına malikdirlər..


Dünyanın bir çox dillərinə aid olan ən əsas tərz şərtlənmələri fe'lin bitməsi və bitməməsi ilə bağlıdır. Slav dillərində bu anlayış çox güclüdür. Başqa dillərdə də həmin aspekt xüsusiyyəti müxtəlif adlar altında ifadə olunur. Əsasən bitmiş fe'l mücərrəd bir hadisəyə aid olur, bitməmiş fe'l isə elə bir hadisəni təmsil edir ki, zaman istiqamətində cərəyan edir, təkrarlanır yaxud da bir adət şəklində dəvam edir. Bu həm mütləq anlamda, həm də başqa fe'lə nisbətən nisbi anlamda təsəvvür oluna bilər. Misal üçün İngilizcədə:


"He raised his sword and struck the enemy" (O, qılıncı qaldırdı və düşməni vurdu) cümləsi mücərrəd və bitkin bir hadisəni təmsil edir, ancaq


"As he was striking the enemy, he was killed by an arrow" (düşməni vurarkən ona bir ox dəydi və öldü) misalında birinci fe'l bitməmiş, ikinci fe'l isə bitmişlik anlayışını ifadə edir.


Aspekt əksər hallarda zaman anlayışı ilə qarışdırılır, ancaq bə'zi dillərdə, o cümlədən Slav dillərində və Yunancada bu iki anlayış kəskin fərqlənir. Bə'zi dillərdə sadəcə bitmiş və bitməmiş aspekt anlayışları var, İngilizcədə isə aspekt anlayışı ümumiyyətlə formal şəkilçilər vasitəsi ilə təmsil olunur və onları fərqləndirmək mümkündür (neytral, dəvam, bitkinlik və dəvamlı şəkildə bitkinliyə qovuşma tərzi).



He went. (o getdi, neytral)


He was going. (o gedirdi, dəvam)


He has gone. (o getmişdir, bitkinlik)


He has been going. (o getməkə olmuşdur, dəvamlı şəkildə bitkinliyə qovuşma tərzi)


He had been going. (o getməkə olmuşdu, dəvamlı şəkildə bitkinliyə qovuşma tərzi)


Çin dili zaman anlayışına yaddır, ancaq aspekti təmsil etmək üçün çeşidli qramatik vasitələrə malikdir. Buradan isə zaman və aspektin bir- biri ilə bağlantılı olan iki müstəqil qramatik kateqoriya kimi araşdırılma zərurəti özünü göstərir.


Aspekt Ləfzi, nəhvi və təsrifi şəkildə ifadəyə çıxa bilər. Ləfzi aspekt fe'lin daxili mə'nası ilə bağlıdır və formal şəkilçi ilə müşayiət olunmur. Ləfzi aspekt müxtəlif halları təmsil edə bilər. Bə'zi fe'llər öz daxili mə'nasına görə bir növ fəaliyyəti və bir işin icrasını anladır (baxmaq), bə'zi fe'llər isə müəyyən bir işin yerinə yetişmiş olduğunu təmsil edir (görmək). Bu iki misaldan aydın olur ki, fe'llər öz daxili mə'nasına görə müəyyən aspekt anlayışlarını ifadə edir (bitkinlik, dəvam vs). Bə'zi dillərdə (o cümlədən İngilizcədə) neytral durumları təmsil edən fe'llər var (I have a book, menim bir kitabım var). Bu kimi fe'llər hər hansı fəaliyyəti yaxud da fəaliyyətin bitdiyini və nailiyyəti anlatmır, bunlar sadəcə müəyyən durumları təmsil edir. Bunu da bir növ (neytral) ləfzi aspekt adlandırmaq olar, çünki müəyyən bir durumun sonsuzluğa qədər dəvam etməsini anladır. Türkcədə neytral durumları təmsil edən fe'llərin mövcud olmadığı təxmin edilir.

Habelə bə'zi fe'llərdə daxili mə'na hesabına dəvam anlayışı var. Misal üçün İngilizcədə to last (sürmək), Türkcədə dözmək vs sırf daxili mə'na hesabına dəvam və tədric anlayışını ifadə edirlər. Habelə düzmək, saymaq həmin keyfiyyətlə dəvam anlayışını, və diqqət verərsək, bir hadisənin təkrarını ifadə edir. Sınmaq, düşmək, qopmaq, tapmaq və buna bənzər fe'llərdə "birdən-birəlik" anlayışı var. Bunların heç biri bizim aspekt dediyimiz anlayışı təmsil etməz. Bizim araşdırma mövzumuz olan aspekt təsrifi ələmətlərlə müşayiət olan (və bə'zi dillərdə köməkçi nitq hissələri ilə müşayiət olan) aspektdən ibarətdir, misal üçün gülümsəmək, duruxsunmaq vs.


Ərəbcədə bir işin baş verəcəyinin yaxınlaşmasını ifadə etmək üçün qramatik vasitə var:


. يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ


(Az qalır ıldırım gözlərini kor eləsin. Qurani- Kərim)


Aspekt bir işin indicə başlanacağını, indicə başlandığını, dəvamını, ara-bir dayandığını, yenidən dəvam etməsini, bitməsini və geri dönməsini ifadə edə bilər. Misal üçün İngilizcədə "re" şəkilçisi aspekt anlayışına müxtəlif şəkillərdə qulluq edən bir vasitədir:


1 – rebuild (yenidən düzmək, təkrar)


2 – retreat (geri çekilmək, fe'lin istiqamət dəyişməsi)



Dəvam edəcək


No comments:

 
Site Meter