Thursday, February 12, 2009

Aspekt və Zaman (2)



İbrahim Rəfrəf



Azərbaycan Dilçiliyində Tərz Anlayışına Münasibət

Bir çox qramatika kitablarında "aspekt" adlı bir kateqoriya ümumiyyətlə yazıya alınmamışdır. Türk dilləri gənəlliklə "aspekt" baxımından zəngin olduğu bir halda, bu qramatik kateqoriyanın araşdırmasına yetərli qədər əmək sərf edilməmişdir. Aspekt anlayışı gənəlliklə zaman anlayışı çərçivəsində təqdim edilmişdir və bunu vurğulamaq üçün "fe'lin mürəkkəb təsrif şəkilləri"[1] və bə'zən də "mürəkkəb xəbər şəkilləri"[2] kimi ifadələr işlənilmişdir. Fe'lin zaman kateqoriyası tanıdığımız qramatıka kitablarında geniş ölçüdə araşdırılmış, ancaq bir çox hallarda "aspekt" (tərz) anlayışı ilə qarışdırılmışdır. Aspektin çeşitli qaynaqlarda zaman kateqoriyasına salındığı halda, bə'zi vaxtlar hətta "fe'lin dəvam forması" deyilən bir kateqoriya altında sıralandığı hallar da görünməkdədir[3], halbu ki, fe'lin formaları, ümumiyyətlə modallıq anlayışı ilə bağlıdır, bu isə "danışan şəxsin nitqin mövzusuna qarşı münasibəti" deməkdir. Dəvam anlayışı isə modallıq anlayışı ilə bütünlüklə fərqlidir və tərz ya aspekt qavramı ilə bağlıdır. Aspekt qavramı ilə əlaqədar başqa müəlliflərin də fikrini öyrənməyi zəruri hesab edirik:


"Azərbaycan dilində tərz kateqoriyası var, lakin bu dildə həmin kateqoriya o qədər məhdud, o qədər zəifdir ki, çox vaxt diqqəti cəlb etmir"[4].


Böyük alim Professor Yusif Seyyidovun bu fikri ilə razılaşmaq çətindir, çünki görəcəyimiz kimi, tərz kateqoriyası olduqca fəal bir kateqoriyadır və müxtəlif vasitələrlə, o cümlədən qramatik vasitələrlə ifadə olunur.


"Bu kateqoriya fonunda fe'llər bitməmiş və bitmiş tərzdə olur. Bitməmiş tərzdə olan fe'llər və ya fe'l formaları hərəkətin davamını, təkrarən icrasını, bitmiş tərzdə olan fe'llər və ya fe'l formaları isə hərəkətin baş verib bitməsini bildirir"[5].


Hökm doğru olsa da, tərz anlayışını təkcə fe'lin bitmiş olub- olmaması ilə elaqələndirmək düzgün deyildir, çünki bu çox daha geniş qapsamlı bir qramatik alan sayılmaqdadır.


"Azərbaycan dilində fe'l daxilən tərzə görə fərqlənmir, və ona görə də məsdər formalarında fe'lləri bitməmiş və bitmiş tərzə ayırmaq olmur"[6].


Yenə də böyük hörmətimizə rəğmən, alimin bu hökmünə bir qədər tənqidlə yanaşmağımız gərəklidir. Bəzi fe'llər daxılı məna e'tibarilə bitmiş bir prosesi ifadə edir. Misal üçün baxmaq məsdərində felin bitmiş olub olmadığını ayırd etmək olmaz, ancaq qopmaq məsdərində bitkinlik anlayışı daha qabarıq şəkildə, həm də daxilən (semantik şəkildə) mövcuddur. Bəs gülümsəmək məsdəri? Fərq elə burada özünü göstərir. Zaman şəkilçiləri məsdər quruluşunda iştirak etmir, bu üzdən məsdər zaman baxımından neytraldır. Halbu ki, aspekt şəkilçiləri bə'zən məsdər quruluşunda iştirak edə bilir, və bu üzdən məsdər aspekt anlayışını daşıya bilir. Fikir verin: Duruxsunmaq (ardıcıl və tədrici tərz anlayışı), doyuzdurmaq (tədric və bitkinlik anlayışı), köpüşmək (tədric anlayışı) vs. Bu kimi şəkilçilər leksik şəkilçilər adlanır, çünki onların yardımı ilə yeni kəlmələr ortaya çıxır və mə'na dəyişimi əmələ gəlir. (müqayisə edin: qramatik şəkilçilər, başqa sözlə, nəhvi əlaqələrə qulluq edən şəkilçilər). Beləliklə gülümsəyirdi misalında hər iki növ tərz mexanizması işləkdir. Bir tərəfdən gülümsədi (tədrici, xəfif şəkildə güldü), bir tərəfdən də gülümsəyirdi (gülümsəməsi dəvamlı şəkildəydi).


"Azərbaycan dilində, o cümlədən Türk dillərində fe'lin tərzləri, adətən analitik üsülla ifadə olunur"[7].


Bir az öncə gördüyümüz və daha irəlidə görəcəyimiz kimi, Azərbaycan Türkcəsində aspekt qavramı həm leksik yolla, həm də şəkilçilər vasitəsi ilə ortaya çıxır. Azərbaycan Dilinin Qramatikası adlı əsərdə "birinci tərəfi fe'li bağlama ilə ifadə olunan sintaktik, lüğəti və tərz birləşmələri arasındakı oxşar və fərqli xüsusiyyətlər"[8] deyə başlıq verilir. Həmin kitabda "tərz mə'nalarının fe'lin zaman formalarında ifadəsi" başlığı altında, dolayı yolla tərz kateqoriyasına ayid materyal təqdim edilir[9]. Dəyərli materyal, əlbəttə ki, dilçilik araşdırmalarına geniş mə'nada faydalı ola bilən materyaldır, ancaq bizcə tərz anlayışının yetərli şəkildə təhlilinə nayil olmamışdır.


"Azərbaycan dilində tərz kateqoriyası məhdud halda zaman kateqoriyası tərkibində özünü göstərir. Bu, aşağıdakı qaydada olur: Fe'l indiki zamanda bitməmiş tərzdə olur… fe'lin indiki zamanında zaman anlayışı ilə tərz anlayışı üst-üstə düşür… indiki zaman şəkilçisi zaman şəkilçisi kimi öz funksiyasını itirir, tərz əlamətinə çevrilir"[10].


Verilən misallar təkcə bitmişlik/birməmişlik anlayışını təmsil etmir. Burada zaman, aspekt və form kateqoriyaları iç- içə iştirak edir. İltisaqi (əkləmə) bir dildə zaman, aspekt fə form şəkilçiləri, və ümumiyyətlə qramatik funksiya daşıyan bütün şəkilçilər aydın şəkildə fərqlənməlidirlər. Biz bu məsələni bu yazının dəvamında açıqlamağı nəzərə almışıq.


Aspekt: Fe'lin zaman istiqamətində axış tərzi

Aspekt bir sözlə "fe'lin zaman istiqamətində axış tərzi" demədir. Fe'lin zaman kateqoriyası ancaq keçmiş zaman, indiki zaman və gələcək zamanı əhatə edir, ancaq işin və hərəkətin zaman boyu nə biçimdə cərəyan etdiyi ya edəcəyi qramatik baxımdan təmamilə yeni və müstəqil bir anlayış sayılır. Aspekt (tərz) fe'lin cərəyan tərzini, təkrar və dəvam tərzini, habelə bitmiş olub- olmadığını, zamanların iç- içə keçdiyini və bu kimi anlayışları ifadə edən vasitədir.


Söz yox ki, hər dildə fe'lin zaman istiqamətində necə cərəyan etdiyini leksik- semantik və hətta sintaktik yolla ifadə etmək olar. Misal üçün mən ardıcıl şəkildə çalışıram ifadəsində ardıcıl şəkildə sözü fe'lin zaman istiqamıtində necə cərəyan etdiyi barədə mə'lumat verir. Bə'zi başqa misallara fikir verək:


1- Fe'lin daxili mə'na hesabına tərz ifadəsi: qopdu, çatladı, partladı, dözdü, yaşadı, qocaldı. Burada sirf leksik vasitələr fəaldır və tərz anlayışı (dəvam, tədric, birdən-birəlik vs) fe'lin öz daxili mə'nasından irəli gəlir.


2- Sintaktik- semantik yolla tərz ifadəsi: Yaşar tələsik evə döndü, Aydın bir saat danışdı. Burada tərz anlayışı fe'lin özündə deyil, fe'llə sintaktik əlaqə təşkil edən başqa bir cümlə üzvünün daxili ma'nası hesabına ifadə olunur. Tərz anlayışı yenə də daxili mə'nadan irəli gəlir, ancaq bu daxili mə'na başqa bir cümlə üzvü (ümumiyyətlə zərflik) tərəfindən ifadə olunur və sintaktik əlaqə yoluyla fe'lin mə'nasına artırılır.


3- Sintaktik yolla tərz ifadəsi. Sirf sintaktik yolla tərz ifadəsi bir az çətindir. Əgər kəlmələrin birləşməsindən yaxud da cümlə quruluşundan hansısa tərz anlayışı ortaya cıxırsa, tərkibdə iştirak edən üzvlərin hansındasa tərz anlayışı, özü də leksik şəkildə yə'ni daxili mə'na şəklində mövcud olmalıdır. Necə ki, Yaşar tələsmədən evə qayıtdı, qaralnlıq birdən hər yeri bürüdü, və başqa bənzər misallarda altı cizilmiş cümlə üzvləri fe'llə sintaktik əlaqəyə girdiyi üçün, fe'lin tərz xüsusiyyətini ortaya çıxarmışdır.


4- Morfolojik yolla tərz ifadəsi. Bir dildə müəyyən kateqoriya varsa, sübhəsiz ona qulluq edən qramatik vasitələr, və özəlliklə morfolojik vasitələr də mövcud olmalaıdır. "Aspekt" dedikdə adəta həmin bu qramatik aspekt nəzərdə tutulur. Gördüyümüz kimi, aspekt qavramı şəkilçilər vasitəsi ilə ortaya çıxır. Bu şəkilçilər iki növdə olur: leksik (iştiqaqi) şəkilçilər və qramatik (təsrifi) şəkilçilər. Gülümsədi, ağlamsındı, köpüşdü vs leksik (iştiqaqi) vasitələri təmsil edir (bunlar məsdər quruluşuna daxil ola bilirlər), gələdi, gedədi, gələrdi, gəlirdi, gəlmişdir, gəlmiş olacaq vs qramatik vasitələri təmsil edir (bunlar məsdər quruluşuna daxil ola bilmirlər). Bəzi leksik-qramatik vasitələr də mövcuddur ki, baxa qaldı, gələ varam, gedə varam,deyib durur və bu kimi misallarla təmsil olunur (bunlar da əksərən məsdər tərkibinə daxil ola bilirlər).


Dəvam edəcək



[1] - M. Ə. Fərzanə, Azərbaycan Dilinin Qramerinin Kökləri, Fərhəng Nəşriyyatı, Tehran 1992, s138

[2] - Dr. M.T. Zehtabi, Müasir Ədəbi Azəri Dili, Eldar və Aşina Nəsriyyatı, Təbriz 1991, s260

[3] - Yenə Orada, s282

[4] - Yusif Seyidov, Azərbaycan Dilinin Qramatikası, Baki Universiteti Nəşriyyatı 2002, s333

[5] - yenə orada, s334

[6] - yenə orada, s334

[7] - Azərbaycan Dilinin Qramatikası, 1-ci hissə (Morfologiya), Az. EA Nəşriyyatı, Baki 1960, s150

[8] - yenə orada, s153

[9] - yenə orada, s163-168

[10] - Yusif Seyidov, Azərbaycan Dilinin Qramatikası, Baki Universiteti Nəşriyyatı 2002, s336



No comments:

 
Site Meter