Friday, February 27, 2009

Aspekt və Zaman (3)



İbrahim Rəfrəf



Aspekt: Baxış Nöqtəsi

Aspekt sözünün mə'nası "baxış nöqtəsi"-dir. Danışan şəxs öz danışdığı yerdən və zamandan baxaraq fe'lin necə cərəyan etdiyini rəvayət edir. O, öz baxış nöqtəsindən bir hadisəni bitmiş ya bitməmiş dəyərləndirir (bitkinlik anlayışı). Hər iki halda isə, hadisənin cərəyan etdiyi, bitmək anına qədər sürəkli yaxud da birdən-birə (sürəksiz) ola bilər (sürək anlayışı). Sürəkli o deməkdir ki, fe'lin icrası müəyyən zaman çərcivəsində və tədrici şəkildə həyata keçmişdir. Bir mahnını dinlədiyimiz zaman onun tədrici şəkildə qulağımıza çatdığını hamımız bilirik. Habelə aydındır ki, mahnı bir anda bitəcək. Mahnını dinlədiyimiz anlarda o mahnı bizim üçün sürəkli və bitməmiş bir hadisədir. Dinlədikdən sonra, o mahnı bizim üçün sürəkli və bitmiş bir hadisə sayılır.


Avrupa dilçiliyində bitkinlik anlayışını perfect (bitmiş) və imperfect (bitməmiş), sürək qavramını isə simple (sürəksiz) və progressive (sürəkli) şəklində ifadə edərlər. İngilizcədə işlənən bu terminlər hər növ ibhamı ortadan qaldırır. Biz onların qarşılığını, gördüyünüz kimi, bitmiş, bitməmiş, sürəksiz, sürəkli şəklində seçmişik və dəvam sözünü işlətməkdən çəkinmişik, çünki dəvam sözü ibhamlıdır, onda həm sürəklilik, həm də bitməmişlik anlayışı yan-yana mövcuddur və bizim məqsədimizə qulluq etməkdə yararlı deyildir.



Bitkinlik və Sürək

Beləliklə Yaşar gəlib cümləsində bitmişlik anlayışı var, ancaq Yaşar gəlir cümləsində belə bir anlayış yoxdur. Yaşar yazmaqdadır cümləsi fe'lin sürəkli şəkildə uyğulandığını (və hala bitməmiş olduğunu) ifadə edir. Hər iki qavram (bitkinlik və sürək) aspekt bəhsinə daxildir, ancaq onları fərqlındirmək olduqca vacibdir. Bitkinlik adəta cümlədə ifadə olur (Yaşar gəlib), ancaq sürək (tədric, istimrar) anlayışı daha çox leksik bir qavramdır və cümlədə işlendiyi kimi, hətta fe'lin zamansız formalarında da (misal üçün məsdər şəklində və fe'lin əmr formasında) ifadə oluna bilir (gülümsəmək, köpüşmək, gəlməkdə olmaq, baxa qalmaq, yazmaqda ol, gülümsə vs). Sürək anlayışı leksik şəkilçilər vasitəsi ilə (köpüşmək) ifadə olunur. Leksik vasitə olduğu oradan bilinir ki, sürək anlayışı məsdər tərkibində (yaxud da fe'lin əmr formasında, başqa sözlə fe'lin zamansız formalarında) özünü göstərə bilir (köpüşmək, gülümsəmək, duruxsunmaq vs). Hətta Yaşar gəlməkdədir misalında sürək anlayışı leksik vasitə ilə ifadə olunur (gəlməkdə olmaq). Zatən sürək anlayışı cümlədən kənar vəziyyətdə (mücərrəd halda) da fe'lə qoşula bilir, və bu üzdən fe'lin ən neytral forması olan məsdər tərkibində də özünü göstərə bilir. Tanıdığımız dillərdə də əksərən sürək anlayışı məsdər tərkibində ifadə olunur (fikir verin: İngilizcə to go, to be going), bir halda ki, bitkinlik anlayışı, zaman anlayışı ilə daha sıx bağlı olduğu üçün, ancaq fe'lin təsrifi hallarında özünü göstərə bilir və qramatik şəkilçilər tələb edir (gəlirdi).


Dedik ki, bitliklik və sürək iki müstəqil qavramdır və onları qarışdırmaq böyük səhv sayılar. Onların tərkibindən ən azı dörd əsas aspekt qavramı ortaya çixa bilər. Bunları misalla anlatmadan öncə fikir vermək lazimdir ki, hər bir misala uyğun fe'l seçilməlidir. Bə'zi fe'llər sürək anlayışına yaddır, və bunları sürəkli aspekt planında təsrif etmək yanlış mə'nalar törədə bilər. Misal üçün qopmaq, partlamaq, sınmaq kimi fe'llər zatən sürək ifadəsindən uzaqdırlar. Habelə dözmək, sevinmək, yaşamaq, qocalmaq kimi fe'llər daxili mə'na e'tibarı ilə sürək anlayışını ifadə edirlər və onları sürəksiz aspekt planında işlətmək çətin olur. Misal üçün partlamaqdaydi sözü əsasən sürəkli bir hadisəni ifadə edə bilmir. Bu fe'l quruluşu daha çox belə bir mə'na ifadə edə bilir ki, demək bomba partlamaq üzərədir. Bu özü başqa bir aspektdir (hadisənin baş vermə anının yaxınlaşdığını, indicə baş verəcəyini ifadə edən aspekt). Eyn baxışdan, dözməkdədir sözündəki sürək şəkilçisi fe'lə aspekt xüsusiyyəti artırmaqda yararsızdır, çünki dözür sözü öz daxili mə'na gücü ilə eyn qavramı ifadə edə bilir (dözmək sözündə sürək anlayışı leksik şəkildə mövcuddur).


Başqa bir qeyd də bitmişlik anlayışı ilə bağlıdır. Bitmişlik ya bitməmişlik adəta indiki zamanın, keçmiş zamanın yaxud da gələcək zamanın bir anına nisbətən (baxış nöqtəsi) ölçülür. Bu baxış nöqtəsi indiki zamanda adəta danışıq anıdır. Misal üçün, gəlmişəm sözü danışıq anına nisbətən bitmiş bir hadisə sayılır. Buna görə də "nəgli keçmiş zaman" dediyimiz kateqoriya Avrupa dilciliyində əsasən indiki zamanın bitmiş aspekti (present perfect tense) şəklində təqdim edilir. Keçmiş və gələcək zamanda isə baxış nöqtəsi adəta danışan şəxsin tərəfindən müxtəlif yollarla, o cümlədən yardımçı cümlələr vasitəsi ilə müəyyənləşdirilir (Yaşar gələndə yağış yağırdı, mən gələndə Yaşar getmiş olacaq vs).



Aspektlərdə Daxili Ziddiyət

Fikir vermək lazimdir ki, dediyimiz kimi, aspekt indiki zaman, keçmiş zaman yaxud da gələcək zamanın bir anına nisbətən ölçülür. Aydındır ki, bir anda sürəkli bir hadisənin baş verdiyi təsəvvürə sığmaz. Sürəkli hadisə varsa, demək keçmiş zamanda başlanıb və indiki anda ya bitib yaxud da gələcəyə doğru dəvam edir. Bu mülahəzələrə əsasən bir fe'lin bitməmiş-sürəksiz aspekti təsəvvürə sığmır. Başqa sözlə desək, bir fe'l bitməmişdirsə, demək sürəklidir.



İndiki Zaman, Keçmiş Zaman və Gələcək Zamanda Aspekt

Aydındır ki, indiki zaman sadəcə bir andır. Bir fe'lin indiki zamanda işlənməsi (gəlirəm) səbəb olur ki, fe'l müəyyən qədər keçmiş ya gələcək zaman xüsusiyyəti tapsın. Gəlirəm fe'linə fikir verdikdə, aydındır ki, bu fe'l qramatik baxımdan indiki zamandadır, ancaq indiki zaman, dediyimiz kimi, sadəcə bir an qədərdir. Hər hadisə nə qədər qısa olsa da, bir ana sığmaz və müəyyən zaman sürəcini tələb edər. Gəlirəm fe'li danışan şəxsin baxımından bir az öncə başlanmışdır və ola bilsin ki, yaxın gələcəkdə bitsin. Başqa deyimlə fe'l qramatik baxımdan indiki zamandadır, ancaq semantik baxımdan müəyyən qədər keçmişi və gələcəyi də ehtiva edir. Deməli bu fe'l, hər hansı morfolojik vasitəyə söykənmədən, sürəkli və bitməmiş bir aspekti ifadə etməkdədir.


Gəlirdim fe'li üzərinə də bir qeyd artırmaq zəruridir. Görəsən bu fe'l sürək anlayışını ifadə edir, yoxsa bitməmiş fe'l anlayışını təmsil edir? Bunu dilçilik ədəbiyyatında əksərən fe'lin dəvam şəkli kimi dəyərləndirmişlər və zatən (dolayı yolla) sürək anlayışını müəyyən qədər ifadə edə bilir. Biz belə inanırıq ki, bu sürək aspekti deyil. Burada bitməmişlik anlayışı özünü göstərməkdədir. Sürək aspekti isə gəlməkdəydim biçimində ifadə olunur. Bir- iki misala fikir verəlim:


- Yaşar zəng edəndə mən yemək yeyirdim (yeməyi bitirməmişdim).

- Keçən həftə başabaş se'r yazmaqdaydım (sürəkli olaraq se'r yazırdım)


Bu qeydləri nəzərə alaraq müxtəlif aspektləri indiki və keçmiş zaman planında belə ifadə etmək olar:


İndiki zamandan baxaraq:

Bitmiş-sürəksiz (Yaşar çatıb, düymə qopub.)

Bitmiş-sürəkli (xəmir köpüşüb.)

Bitməmiş-sürəksiz (bu aspekt mövcud deyildir.)

Bitməmiş-sürəkli (Yaşar gülümsəyir, Aydın gəlir, xəmir köpür.)


Keçmiş zamandan baxaraq:

Bitmiş-sürəksiz (Yaşar çatdı, xəmir köpdü.)

Bitmiş-sürəkli (Yaşar gülümsədi, xəmir köpüşdü.)

Bitməmiş-sürəksiz (bu aspekt mövcud deyildir.)

Bitməmiş-sürəkli (Yaşar gülümsəyirdi, xəmir köpürdü, xəmir köpüşürdü.)


Gələcək zamandan baxaraq:

Bitmiş-sürəksiz (Yaşar çatmış olacaq, düymə qopmuş olacaq.)

Bitmiş-sürəkli (Yaşar gülümsəmiş olacaq, xəmir köpüşmüş olacaq.)

Bitməmiş-sürəksiz (bu aspekt mövcud deyildir.)

Bitməmiş-sürəkli (Yaşar gülümsəyəcək, Aydın yazmaqda olacaq, xəmir köpməkdə olacaq.)


Başqa Türk Dillərində Aspekt Misalları

Burada başqa Türk dillərinə aspekt baxımından nəzər salmağımız son dərəcə faydalı ola bilər.

Oyanmaq hadisəsi danışan şəxsin baxış nöqtəsindən müxtəlif incəliklərlə ifadə oluna bilər. Bütün bunlar danışan şəxsin nəzərə aldığı bir zaman kəsimində hadisənin bitmiş olub-olmaması və sürək tərzini ifadə etməkdədir. Qaraçay Türkcəsinə mənsub olan bir şəxs, aşağıdakı ifadələri işlədə bilər:


- Uyandi (keçmiş zaman, bitmiş-sürəksiz)

- Uyanqandi (keçmiş zaman, bitmiş-sürəkli)

- Uyanibdi (indiki zaman, bitmiş-sürəksiz)

- Uyanib turadi (indiki zaman, bitmiş-gələcəyə doğru sürəkli).


Tatarca yaza tor (yazmağa dəvam et), Kumuk Türkcəsində oxup tur (oxumağa məşğul ol, oxumaqda ol), Qaraçay Türkcəsində olturub tur (oturmaqda ol), bütün bu misallar fe'lin həm bitmədiyini, həm də sürəkli, olacağını icab edir və bə'zən də fe'lin təkrarlı şəkildə dəvam edəcəyini, və ya bir qayda, bir adət şəklində dəvam edəcəyini icab edir. Başqa sözlə elə misallar ortaya çıxır ki, fe'l kiçmişdə başlanır, indiki zamanda bitməmiş sayılır və gələcəyə doğru sürəkli olur (Uyanıb turadi). Bu isə aspekt anlayışını çox daha geniş bir alana gətirir. Buna bənzər misallar: Kumuk Türkcəsində bara turaman (getməkdəyəm), Qaraçay ala turadi (almaqdadır), Qaraçay öle tura edi (ölməkdəydi).


No comments:

 
Site Meter