Sunday, December 28, 2008

Hər Şeydən Öncə İsim Yarandı


İbrahim Rəfrəf
Yazı ilk olaraq Varlıq dərgisində (sayı 128, 25-ci il, yaz 1382) çıxış etmişdir.
Azərbaycan Türkcəsində bütün dilçilik məsələləri, o cümlədən hal kateqoriyası, respublikada elmi fəaliyyət göstərən dil mütəxəssisləri tərəfindən geniş miqyasda və bacarıqlı şəkildə araşdırılmış və bu sahədə möhtəşəm bir elmi məktəb yaranmışdır. Bir əsirdən artıq dəvam edən bu gərgin elmi çalışmaların nəticəsində bu gün Azərbaycan dilçiliyi yüksək elmi mənzilətlə tanınmaqdadır. Bir qayda olaraq, qramatika fonetika (səs bilimi), morfologiya (sərf) və sintaksis (nəhv) başlıqlı üç bölümdə təhlil edilər. Ancaq bu üç bölümü bir- birindən təcrid edilmiş halda görmək ənənəsi çox qədim bir ənənədir və təəssüflə bəzən yanlış nəticələrə də yol açmışdır. Onun üçün dilçiliyin ayrı- ayrı qolları bir orqanik vəhdət çərçivəsində təhlil edilməlidir, desək, yanlış fikir yürütmüş olmarıq.
Biz morfo-sintaktik kateqoriyaları ardıcıl məqalələr şəklində gözdən keçirəcəyik və ümid edirik ki, həmin qeydlər qramer bilimində yeni, morfo-sintaktik baxışın inkişafında az da olsa, təsir qoymuş olsun. Dilin eyni zamanda sərf və nəhv alanına aid olan kateqoriyalarından biri də ismin hal kateqoriyasıdır. Hal kateqoriyası üzərində də Azərbaycan dilçiliyində vahid dilçilik nəzəriyyəsi mövcuddur, ancaq bunu keskinliklə morfologiya biliminin tədqiq obyekti kimi gormek ənənəsi üzündən bu nəzəriyyə bütün durumları izah edəcək imkanda görünmür və bəzi yanlış nəticələrə yol açır, örnək olaraq:

1 - Hal kateqoriyasının geniş əhatəli tərifi yoxdur.
2 - "Adlıq hal" deyə çox geniş qapsamlı və ibhamlı bir məfhum var.
3 - Hallar sadəcə morfolojik əlamətlər əsasında təqdim edilir, hal bu ki, ismin morfolojik əlamətlə temsil olunmayan bir çox qramatik halları var. 4 - Bu morfolojik əlamətlər təkcə hal kateqoriyasına xidmət etmir, onların başqa qramatik vəzifələri də var.
5 - Formal əlamətlər əsasında qurulduğuna görə, hal nəzəriyyəsi Azərbaycan dilində ismin hallarının hamısını qeydə ala bilmir və dünyanın bəzi dillərində hal kateqoriyasının zatən mövcud olmadığı qənaətindədir.
6 - İkinci və üçüncü növ təyini söz birləşmələrində bir ismin başqa ismi "idarə" etməsi qəbul edilir, halbuki idarə əlaqəsi ancaq fellə tamamlığın sintaktik münasibətinə aiddir.
7 - Həmin növ söz birləşmələrində isimlərin arasında "uzlaşma" əlaqəsindən söhbət gedir. Qeyd etmək lazimdir ki, uzlaşma əlaqəsi ancaq mübtəda ilə xəbərin münasibətinə aiddir.
Bu qeydləri nəzərə alaraq, hal kateqoriyasının Azərbaycanın güclü dilçilik dairələri tərəfindən bir daha araşdırılması zərurəti özünü göstərməkdədir.
Bu yazıda müəllif hal kateqoriyasına aid müəyyən mülahizələri önərgə şəklində təqdim etməkdədir.

Ismin Halları Haqqında Ümumi Anlayış
Nitq çerçivəsində isimler başqa hissələrə yaxud da cümlə üzvlərinə qarşı müxtəlif sintaktik münasibətlərdə olurlar. İsmin hal kateqoriyası hemin münasibətləri öyrənən qramatik bölümdür. Dərs vəsaitində və qramer kitablarında ismin aşağı- yuxarı altı halı bu şəkildə təqdim edilməkdədir: adlıq, yiyəlik, təsirlik, yerlik, çıxışlıq, yönlük. İsim müəyyən morfolojik əlamətlər qəbul etmekle yuxarıda qeyd edilen müxtəlif halların birində çıxış edə bilir. İsmin adlıq halının morfolojik əlaməti yoxdur və həmin əlamətsizlik özü bir morfolojik əlamət sayılır. Isim müəyyən sintaktik quruluşda sadəcə bir halda çıxış edə bilir. İsmin hal kateqoriyası sintaktik əlaqəyə girməyin hazırlıq mərhələsidir. Bura kimi hal ketoqoriyasının ana xətlərini təqdim etmiş olduq və hər şey zahirde nüqsansız görünür, ancaq məsələ bir az etraflı təhlil edilirsə, olduqca mürəkkəb bir durumla qarşılaşırıq.

Şəkilçilər Morfo-sintaktik Məzmunların Əlamətidir
İlk çaşqınlıq oradan irəli gəlir ki, hər hansı morfolojik əlamət qəbul etməyən, "çılpaq" isim adlıq hal altında sıralanır, və hətta "bəzi dillərdə isim hər hansı hal şəkilçisi qəbul etməz, bu üzdən belə dillərdə hal kateqoriyası yoxdur" - deyə yanlış bir fikri müdafiə etmiş oluruq. Dünya dillərinin bir çoxunda morfolojik əlamətlə temsil olmayan bol- bol qramatik kateqoriyalar var. Misal üçün İngiliscədə felin müxtelif zamanlarda təsrifində şəxs şakilçiləri iştirak etmir və bəzən sadəcə üçüncü şəxsin təki müəyyən şəkilçi ilə temsil olunur (I go, you go, he goes, we go, you go, they go). Farscada ismin hal şəkilçiləri çox məhduddur, və müəyyən və qeyri- müəyyen təsirlik hala məhdudlaşır (mən ketabra xandəm, mən ketabi xandəm). Türk dilində yanaşma əlaqəsini əks etdirən hər hansı morfolojik əlamət yoxdur (dəmir qapı, böyük şair). Bununla belə bu dillərdə bu kimi qramatik kateqoriyaların mövcud olmadığını iddia etmək yanlış olar. Həqiqət odur ki, qramatik kateqoriyalar hər dildə eyni şəkildə ifadə olunmur. Bəzi dillər (özəlliklə iltisaqi dillər) bu kateqoriyaları daha çox şəkilçi vasitəsi ilə ifadə edir, bəzi dillərdə isə söz sırası önəmli rol oynayır (misal üçün İngiliscədə sual cümləsi), bəzən isə həmin vəzifə köməkçi nitq hissələrinin yardımı ilə həyata keçir (misal üçün çox dillərdə şərt cümləsi şəkilçi ilə deyil, köməkçi nitq hissələri ilə ifadə olunur). Fars dilində vokativ (xitablıq) hal müəyyən şəkilçi vasitəsi ile ifadə olunur (saqiya, Şaha, məlika, sarbana, Həsəncan…). Ərəb dilində isə həmin vəzifə köməkçi nitq hissələrinin vasitəsi ilə həyata keçir (əyyöhən nəbi, əyyöhəl insan). Türk dilində isə xitablıq halı ifadə etmək üçün bu kimi birbaşa vasitələr mövcud deyildir, ancaq buradan belə nəticə çıxarmaq olmaz ki, Türk dilində xitablıq hal yoxdur. Xitablıq hal olmasaydı, heç kəsə üz tutmaq və heç nəyi çağırmaq mümkün olmazdı.
Hal kateqoriyası, "ismin iştirak etdiyi sintaktik əlaqələrdə başqa komponentlərə qarşı münasibəti" şəklində başa düşülürsə, formal əlamətlərdən asılı olmayaraq, bütün dilləri əhatə edən geniş dil kateqoriyasıdır və bir dilin qramatikasından daha çox ümumi dilçiliyə aiddir və bu üzdən ümumi kateqoriya adlana bilər. Bir az sonra görəcəyimiz kimi, Türk dilində hal kateqoriyası her zaman morfolojik əlamətlərlə temsil olunmur və heç bir şəkilçi ile müşayiət olmayan isim sadəcə bir hal (adlıq hal) yox, qramatik baxımdan hətta bir neçə halı təmsil etməkdədir, fikir verin:

1 - Dəniz, nə gözəlsən!
2 - Dəniz dalğalandı.
3 - Mən dəniz gördüm.
4 - Dəmir iradə.

Birinci misalda dəniz sözü vokativ (xitablıq) durumdadır və cümlənin başqa üzvləri ilə sintaktik baxımdan müəyyən bir əlaqəni oluşdürmaqdadır. Vokativ halı təmsil edən şəkilçi olmasa da, bu halda çıxış edən ismin vurğusu, başqa hallarla fərqli olaraq birinci hicaya düşür, buradan isə aydın olur ki, xitablıq hal, yazıda işarəsi olmasa da, fonetik şərtlənmə yolu ilə nitqdə səslənir və bu mənada heç də çılpaq sayılmaz. İkinci misalda dəniz sözu cümlənin mübtədasını təşkil edir və cümlənin xəbəri ilə güclü sintaktik əlaqə oluşdurur. Üçüncü misalda isə dəniz sözü felin tamamlığını təşkil edir və cümlənin xəbəri ilə çox fərqli bir sintaktik əlaqədə yer alır. Dördüncü misalda dəmir sözü təyin rolunda çıxış edir və yanaşma elaqəsinin birinci komponentini təşkil edərək atributiv fəaliyyət göstərir və atributiv ya tanımlama hal kimi təqdim edilə bilər. Eyni zamanda dördüncü misalda iradə sözü yanaşma əlaqəsinin ikinci komponentini təşkil edərək, haqqında məlumat verilən, tanımlanan hisse kimi çıxış edir və bu üzdən tanımlanma halın ornəyidir. Bu iki hal (İngiliscə: subject, attribute) həmişə bir- birini müşayiət edər. Söz yox ki, "isim çılpaq şəkildə işlənmişdir" - deyə bu beş halı eyniləşdirmək və onları "adlıq" hal altında sıralamaq böyük bir səhvə yol verməkdir. Burada ismin başqa komponentlərə qarşı bambaşqa sintaktik münasibətlərdə olduğu aydın şəkildə görünməkdədir. Üstəlik, sözlükdə qeyd edilən dəniz sözünü də bunlarla qarışdırmaq olmaz, çünki dəniz sözü sözlükdə sadəcə öz leksik mənası ilə çıxış edir və hər hansı başqa nitq hissəsi ilə bağlantısı yoxdur. İsim öz adlıq halında sadəcə sözlükdə və sirf leksik mənada rastlana bilər.
Amma nəzərə gələn, çağdaş dilçilikdə ismin altı halı (adlıq, yiyəlik, təsirlik, yerlik, çıxışlıq, yönlük) üzerində daha geniş bir razılaşma mövcuddur. Bu fikir isə sadəcə ismə bağlanan zahiri şəkilçilər əsasında formalaşmışdır. İsmin hallarını onun morfolojik əlamətləri əsasında təqdim etmək və ismin iştirak etdiyi sintaktik əlaqəyə sayğısız qalmaq elmi cəhətdən düzgün ola bilməz. İsmin halları sadəcə onun iştirak edə biləcəyi sintaktik əlaqələr çərçivəsində görünə və təhlil edilə bilər. Hətta o dilçilər ki, ismin hallarını şəkilçilər əsasında təhlil edirlər, məsələn "təsirlik hal" dedikdə istər- istəməz bir sintaktik əlaqədən danışırlar.
Həqiqət odur ki, ismin hallarını sadəcə morfolojik əlamətlər əsasında və sintaktik əlaqədən təcrid edilmiş şəkildə təhlil etmək bizi yanlış nəticələrə götürə bilər, belə ki, məsələn qeyri- müəyyən təsirlik halı (mən kitab oxudum) adlıq hal kimi başa düşək. Təsirlik hal dedikdə fellə vasitəsiz tamamlığın əlaqəsi nəzərdə tutulur (mən kitabı oxudum), ancaq qeyri- müəyyən təsirlik hala gəlincə (mən kitab oxudum), kitab sözünü hansısa şəkilçi qəbul etmədiyinə görə ismin adlıq halı kimi qəbul edirlər. Təkcə qeyri- müəyyən təsirlik hal deyil, bir çöx müstəqil qramatik durumlar yanlış olaraq "ismin adlıq halı" altında sıralanır, o cümlədən:
1 - Mübtədalıq hal: qar yağır.
2 - Xəbərlik hal: Bu Yaşardır.
3 - İsim zaman zərfliyi rolunda (atributiv hal): sabah görüşərik.
4 - İsim təyin rolunda (attributiv hal): dəmir qapı.
5 - Vasitəsiz tamamlıq (təsirlik hal): man kitab oxudum.
6 - İkinci növ təyini söz birləşməsinin birinci tərəfi (genitiv hal): vətən sevgisi.
7 - İsim feli birləşmələrin birinci tərəfi kimi (mübtədalıq hal): gün çıxanda.
8 - Bəzi mürəkkəb fellərin tərkib hissəsi kimi: qulaq asmaq, tərəf çıxmaq, göz gəzdirmək, düşmən kəsilmək… Bu durumda ismin adlıq haldamı, yoxsa başqa bir halda çıxış etdiyi sual altındadır.
9 - Xitablarda (xitablıq hal): dəniz, nə gözəlsən!
10 - İsim adlıq cümlə kimi: Baki, Qız Qalası, 1923- cü il. Kəskinliklə demək olar ki, bu kimi ornəklərdə isim xəbərlik halında səslənir.

Bu qədər fərqli sintaktik bağlantıların hamısını ismin adlıq halı altında sıralamaq sadəcə və sadəcə bir səhvin nəticəsi olmuşdur: ismin hallarını təkcə şəkilçilər əsasında, yəni sadəcə morfologiya alanında təhlil etmək.
Beləliklə, "ismin çılpaq halı" ən azı yeddi morfo-sintaktik hal durumunu ortaya çıxarır:


Ismin çılpaq halları
Adlıq (nominativ) hal:Dəniz (sözlükdə olduğu kimi)
Təyini (atributiv) hal: Dəmir iradə
Təyinlənmə hal:Dəmir iradə
Müraciət halı (çağırış, xitablıq, vokativ hal):Dəniz, nə gözəlsən!
Mübtədalıq (subjektiv) hal:Dəniz dalğalandı.
Xəbərlik (predikativ) hal:Bakı, 1923-cü il.
Təsirlik (akuzativ) hal: Mən dəniz gördüm.

İsmin Hal Kateqoriyası Morfo-sintaktik Kateqoriyadır.
İsmin halları sintaktik əlaqənin içində təhlil edilməlidir. Nə qədər ki, ismin iştirak etdiyi (edə biləcəyi) müstəqil sintaktik əlaqə var, kəskinliklə bir o qədər də hal var. Bir sözlə, ismin halları onun iştirak etdiyi sintaktik əlaqəni göstərən qramatik (morfo-sintaktik) kateqoriyadır. Hal şəkilçiləri isə həmin sintaktik birləşmələrin tələbinə görə, və hemin sintaktik əlaqənin mahiyyətini göstərmək üçün ortaya çıxır və ismin bütün həqiqi hallarını da əhatə etmir. Yəni bəzi hallar hər hansı şəkilçi ilə ifadə olunmur və şəkilçilər də hər zaman sadəcə hal kateqoriyasına deyil, bəzən başqa məqsədlərə də qulluq edir.
Azərbaycan dilinə aid olan qramer kitablarında əksərən hal, mənsubiyyət ve xəbərlik deyə ismin üç morfo-sintaktik kateqoriyasından bəhs edilir. Bunların hər biri müəyyən şəkilçilərlə müşayiət olunur, ancaq onda ki, isim cümlənin mübtədası kimi çıxış edir, bunu sadəcə ismin adlıq halı kimi dəyərləndirirlər. Bəlkə ona görə ki, burada hər hansı şəkilçi iştirak etmir. Çaşqınlıq da elə burdan başlanır. Əgər ismin xəbərlik kateqoriyası var, nə üçün mübadalıq kateqoriyası yoxdur? Üstəlik bunların hamısı hal kateqoriyasından başqası deyildir, çünki ismin hansısa sintaktik əlaqədə iştirak etdiyini göstərir. Nə üçün yiyelik bir hal kimi, mənsubiyyat isə müstəqil bir kateqoriya kimi dəyərləndirilir? Bütün bunlar iki-tərəfli əlaqələrdir: mübtəda- xəbər, yiyəlik- mənsubiyyət, subjekt, atribut…
Bunu da qeyd etmək lazimdir ki, ismin yiyəlik forması hər zaman yiyəlik anlamını ifadə etmir. Fikir verək:

1 - Yaşarın pulu çoxdur.
2 - Yaşarın sözü haqdır.
3 - Yaşarın sözü danışıldı.
4 - Bu kitabın yiyəsi yaşardır.

Birinci misal aydıncasına yiyəlik anlamını ifadə edir: Yaşarın malik olduğu pul. Burada sadəcə iki tərəf var: Yaşar və onun malik olduğu pul. Ikinci misalda bir az yiyəlik, ancaq daha çox bir növ bağlantı anlamı var: Yaşarın danışdığı söz əlbəttə ki, Yaşarın malik olduğu söz anlamına gəlməz. Burada da iki tərəf mövcuddur. Üçüncü misalda yiyəlik xüsusiyyəti daha da zəyifləmiş, və bağlantıya nisbət anlamı olduqca güclənmişdir. Onu da qeyd etmək lazimdir ki, bu cümlənin mənası sadəcə iki tərəfə məhdudlaşmır. Yaşarın sözü "Yaşar haqqında danışılan söz" deməkdir, yəni həm Yaşar, həm onun haqqında danışılan söz, həm də Yaşar haqqında danışanlar ortadadır. Dördüncü misalda isə, yiyəlik anlamı zatən öz əksinə çevrilmişdir, və birləşmənin ikinci hissəsinə köçürülmüşdür. Bütün bunlar göstərir ki, bu növ söz birləşməsinin birinci hissəsini yiyəlik durumunda görmək yanlış adlandırmanın nəticəsidir. İkinci və üçüncü növ təyini söz birləşməsi adı ilə qeyd edilən bu mühüm sintaktik birləşmələrin birinci tərəfi, başqa dillərdə olduğu kimi, ismin genitiv halı, ikinci tərəfi isə ismin mensubiyyət halı şəklində təqdim edilsə, elmi cəhətdən daha düzgün olar, çünki nisbət qavramı yiyəlik qavramından daha genişdir, hər yiyəlik nisbətdir, amma hər nisbət yiyəlik deyil. Sözsüz ki, genitiv halın müəyyən və qeyri- müəyyən olmaq üzere iki biçimi göz önündədir. Ancaq bunları iki müstəqil hal kimi nəzərə almaq düzgün olmaz, çünki müəyyənlik özü müstəqil bir kateqoriyadır, necə ki, təsirlik halın da müəyyən və qeyri- müəyyən biçimlərini iki müstəqil hal kimi görmək olmaz.
Dedik ki, hal anlayışı sadəcə sintaktik əlaqənin içində özünü göstərir. İsmin cümlədə və birləşmələrdə mövqeyi bunlardan ibarətdir:

1 - Cümlənin baş üzvü (mübtəda, xəbər)
2 - Cümlənin ikinci dərəcəli üzvü (təyin, tamamlıq, zərflik)
3 - Cümlə üzvləri ilə bağlantısı olmayan hallar
Bu mülahizələr əsasında ismin halları aşağıdakı cədvəldə olduğu kimi təqdim edilə bilər:

Ismin halları
Adlıq (leksik ya nominativ) hal:Dəniz
Müraciət halı (çağırış, xitablıq, vokativ) hal:Dəniz, nə gözəlsən!
Mübtədalıq (subjektiv) hal:Dəniz dalğalandı.
Xəbərlik (predikativ) hal: Bu, dənizdir.
Tayini (atributiv) hal:Dəmir iradə
Təyinlənmə hal:Dəmir iradə
Genitiv hal (nisbət halı):Dənizin suyu, dəniz suyu
Mənsubiyyət hal:Ölkənin dənizi
Yerlik (lokativ) hal:Yaşar dənizdədir.
Çıxışlıq (ablativ) hal:Yaşar dənizdən çıxdı.
Yönlük (direktiv) hal:Yaşar dənizə getdi.
Təsirlik (akuzativ) hal:Mən dəniz gördüm, dənizi gördüm.
Araclıq (instrumental) hal:Qələmlə yazmaq.
Eşlik (birgəlik) hal:Mən Yaşarla görüşdüm.

İsim Necə Hal Qəbul Edə Bilər?
İsim bir sintaktik quruluşun içində neçə hal qəbul edə bilər? - sualına təkcə belə yanaşmaq olar: isim bir sintaktik əlaqədə ancaq bir halda çıxış edər, və zərurətən adını cəkdiyimiz halların birini qəbul etməlidir. Belə bir durumu təsəvvürə gətirmək olmaz ki, bir cümlədə bir isim bir fellə təsirlik əlaqəsində, eyn zamanda həmin fel, ya da başqa bir fellə çıxışlıq əlaqəsində ola. Bu üzdən bu kimi hallar eyni isimdə birləşə bilmir. Ancaq elə qramatik quruluşlar var ki, bir nitq hissəsi iki müxtəlif nitq hissəsi ilə iki müxtəlif sintaktik əlaqə oluşdurur (qoşa sintaktik bağlantılar). Məsələn Yaşar kitabı bir gündə oxudu cümləsində oxudu feli qoşa sintaktik bağlantıdadır: kitab oxumaq və bir gündə oxumaq. Birincisi idarə əlaqəsi, ikincisi isə atributiv əlaqədir və oxudu feli bu alaqələrin hər ikisində iştirak edir. İsim də qoşa sintaktik bağlantılarda ola bilir. Misallarda qoşa sintaktik bağlantıda olan isimlərin altı cizilmişdir:
- Mən Fizulinin divanını oxumuşam (mənsubiyyət+ idarə).
- Qızım öyrəncidir (mənsubiyyət+mübtədalıq).
- Araqçının məndədir (yerlik+xəbərlik).
- Qardşımla kinoya getdim (mənsubiyyət+eşlik).

Bir ismin zahirən iki halda görünməsi bəzi vaxtlar əslində bir haldır. Bəzi misallara fikir versək, məsəla aydınlaşar:
1 - İsmi birləşmələrdə belə durumlar ortaya çıxır ki, bir kərə hal şəkilçisi qəbul etmiş isim bir daha başqa bir hal şəkilçisi qəbul edir: qardaşınla kinoya getdim (mənsubiyyət+eşlik), qızımın adı Sevildir (mənsubiyyət+genitiv). Həqiqət belədir ki, söz birləşməsi (sənin qardaşın) yenidən sintaktik əlaqəyə girəndə çılpaq bir isim kimi (bir leksik vahid kimi, adlıq halda) dəyərləndirilməlidir və belə hesab edilməlidir ki, yeni artırılan şəkilçi onun bir tərkib hissəsinə deyil, zatən birləşmənin bütününə artırılır: sənin qardaşınla = (sənin qardaşın)la. Bu o deməkdir ki, qardaş sözü mənsubiyyət halında, sənin qardaşın sözü isə eşlik halda səslənir.
2 - İsmin bir çox halları eyn zamanda xəbər rolunda çıxış edir, bu isə zahirdə ismin iki halda çıxış etməyini göstərir: Bu kitab Yaşarındır, Bu xəbər Bakıdandır, mənim inamım Azərbaycanadır, mənim gözüm səndədir.
Məsələ ondadır ki, xəbər şəkilçisi şəkilçiləşmiş feldir. Onda həm məhdud ölçüdə şəkilçi xüsusiyyətləri var (qoşulduğu kəlmənin səs quruluşuna tabe olur, amma vurğu qəbul etmir), həm də fel kimi onda idarə etmə qabiliyyəti var. Bu xəbər Bakıdandır cümləsinində Bakidan sözünün çıxışlıq halında olması həmin xəbər şəkilçisinin tələbinə görədir. Xəbər şəkilçisini müstəqil bir fellə dəyişsək, məsələ aydınlaşar: Bu xəbər Bakıdan gəlir, Mənim inamım Azərbaycana söykənir, mənim gözüm səndə qalıb.
3 - Bəzi vaxtlar söz birləşmələri ixtisar edilmiş səkildə işləndiyinə görə ismin zahirdə iki hal qəbul etdiyi nəzərə gəlir, və həmin söz birləşməlarinin mükəmməl şakli yerinə qoyulsa, aydın olacaq ki, şakilçi ismə deyil, zatən adlıq hal dəyərində olan ismi birləşməyə artırılmışdır: qızım öyrəncidir => mənim qızım öyrəncidir, bu kitab Yaşarındır => bu kitab yaşarın kitabıdır.
4 - Hal şəkilçiləri adı ilə tanıdığımız vasitələr həmışə hal kateqoriyasına xidmət göstərmir. Bunların fəaliyyət dayirəsi çox daha genişdir. Misalların bəzilərində zahirdə hal şəkilçiləri görünən morfemlər zatən leksik şəkilçilər kimi fəaliyyət göstərirlər və hal kateqoriyası ilə bağlantıları yoxdur. Bakıda görüş iki saat sürdü misalında hal xüsusiyyəti olsa da, çox zəyifdir, bu daha çox atributiv birləşmədir və birinci hissə daha çox təyin rolunda çıxış edir. Bizdə Azərbaycana sevgi sonsuzdur misalı bu fikri daha qabarıq tərzdə ifadə edir. Hal şəkilçiləri adı ilə tanıdığımız vasitələr, təkcə hal kateqoriyasına deyil, həm də sözdüzəldici şəkilçi kimi yeni sözlərin törəməsinə xidmət göstərirlər. Mən səni ürəkdən sevirəm misalında ürəkdən sözü zərflikdir. Bu misallar leksikologiya və morfologiya alanlarının üst-üstə düşdüyünü göstərir və belə bir hökm çıxarmağa imkan yaradır ki, sözdüzəldici və sözdəyişdirici vasitələr bir-birindən kəskin fərqlənmir. Başqa misallar:
- Bir azdan gəlirəm (zaman zərfliyi).
- Düzünü deyirəm (tərz zərfliyi).
- Köndələninə çapmaq (tərz zərfliyi).
- Çitin arşınını iki Şahıdan satmaq (kəmiyyət zərfilyi).
- Sənin acığına Yaşarla kinoya getdim (səbəb zərfliyi).
Hətta zahirdə üç halı özündə birləşdirən isimlərə rast gəlmək olur: mənim könlüm səninlədir (genitiv+eşlik+xəbərlik). Bu üç halın birləşməsi neçə məsələ ilə bağlıdır. Birinci, xəbər şəkilçisinin feli xüsusiyyəti ki, ismin müəyyən halını tələb edir. Mənim könlüm səninlədir => mənim könlüm şəninlə yaşayır. İkinci, eşlik halın şəkilçisi (lə, la) şəkilçi ilə qoşma arasında keçid mərhələsindədir və bu üzdən qoşmanın bəzi xüsusiyyətləri onda qalmaqdadır. Qoşmalar ismin müəyyən halını tələb edirlər: Yaşara görə, Yaşardan ötrü, Yaşar kimi, Yaşar ilə. İsmin yerinə əvəzlik gələndə bəzən genitiv hal da fəal olur: onun kimi, onun ilə (=>onunla). Burada da hansısa həzf edilmiş bir hissə var və həmin hissə yerinə qoyulduğunda durum nüqsansız görünür: səninlə (sənin özünlə).

Beləliklə, bir daha ismin bir sintaktik əlaqə içində sadəcə bir hal qəbul edə biləcəyi qənaətinə gələ bilərik:

Baş vurulmuş qaynaqlar:
1 - Ə. Dəmirçizadə və D. Quliyev: Azərbaycan Dilinin Qramatikası, Bakı 1938
2 - S. Cəfərov, Ə. Abbasov, D. Quliev: Azərbaycan Dilinin Qramatikası, Bakı 1939
3 - Professor B. Çobanzadə, F. Ağazadə: Türk Qrameri
4 - M. Şirəliev: Azərbaycan Dilinin Qramatikası
5 - M. Hüseynzadə, Müasir Azərbaycan Dili
6 - Ə. Abdullayev, Y. Seyidov, A. Həsənov: Müasir Azərbaycan Dili
7 - Y. Seyyidov: Azərbaycan Dilinin Qramatikası, Morfologiya
8 - Dr. M.T. Zehtabi, Müasir Ədabi Azəri Dili
9 - Mühərrəm Ərgin: Dil Bilgisi
============================================================

No comments:

 
Site Meter