Tuesday, December 30, 2008

Dil Varlıqdır


İbrahim Rəfrəf


İnsan toplumunu dilsiz olaraq təsəvvürə gətirmək olmaz, belə ki bir çox düşüncə sahiblərinin görüşünə əsasən, insan sadəcə dil qabiliyyəti ilə heyvanlardan fərqlənir. Bir müdrik insan belə bir düşüncə irəli sürmüşdür ki, insani heyvandan fərqləndirən başlıca iki xüsusiyyət var: danışıq qabiliyyəti və yalançılıq. Ancaq diqqət verildiyində aydın olur ki, hətta sözügedeən o "yalançılıq qabiliyyəti" də dildən asılıdır. Azərbaycan mütəfəkkiri Asif Əfəndiyev buna bənzər bir ifadə işlədərək belə fikir söyləyir: insani heyvandan fərqləndirən başlıca əlamət bəlkə də şüur yox, sevgidir. Yenə də qeyd etməyi lazim gəlir ki, Asif müəllimin söykəndiyi iki kateqoriya, yəni şüur ve sevgi, hər ikisi dil prosesi ile sıx bağlıdır. Şüur sözünü "bilinc" mənasında başa düşəcək olursaq, qəti şəkildə bu hökmü çıxara bilərik ki, dil olmadan, insan özü və çevrəsi haqqında hər hansı bilincə malik ola bilməz. Hətta bəzi heyvanların da özü və çevrəsi haqqında müəyyən qədər bilinci varsa, onlar da ibtidai dil bacarığına malik olan heyvanlar sayılır və bir- biri ilə işarətlər və himlər vasitəsi ilə fikir mübadiləsi aparmaq bacarığına malikdirlər.
Düşüncələr nütfədir. Bu nütfə bəslənməli və yetişdirməli, və nəhayət doğuma hazırlanmalıdır. Necə ki, nütfə ananın bətnində bəslənər və yetişər və doğuma hazırlanar, və necə ki, ananın bətni nütfəni bəsləyəcək qədər sağlam və zəngin olmalıdır və belə olmadığı durumda nütfə həyatda qala bilməz və hətta körpəlik mərhələsinə də çata bilməz, eləcə də dilin olmadığı ya da yararsızlığı durumda düşüncələr işığa çıxa bilməz və nütfəkən ölər. Buradan aydın olur ki, dil və düşüncə prosesi paralel cərəyan edir və qarşılıqlı şəkildə bir- birinə söykənir və "dil təfəkkürün anasıdır", – dedikdə dilin böyük bir fəzilətini kəşf etmiş oluruq.
Dil neytraldır. Dilin yardımı ilə həqiqəti də danışmaq olar, yalanı da, sevgi də bildirmək olar, nifrətdə, tərif də danışmaq olar, tənqid də, gileylənmək də olar, toxtamaq da olar, toxtatmaq da. Bu neytral xüsusiyyət olmasaydı, dil dinamizmini itirətdi. Əgər yalan söyləmək mümkün olmasaydı, həqiqəti kəşf etmək də dilin başarı sahəsinə sığmazdı. Həqiqəti kəşf etmək şərəfi isə, ən əski zamanlardan bu günə qədər insanın qayəsi olmuşdur, və bu yolda onun işə yarayan yarağı öz düşüncə qabiliyyəti və onu işığa çıxardan dil olmuşdur. Başqa sözlə dil də müqəddəsdir, ona görə ki, həqiqəti aramaq vəzifəsi onun üzərinə düşür və bütün başqa müqəddəs şeylərin hamısını dilin yardımı ilə kəşf edirik. Beləliklə insan bir kərə yaranmış dünyanı bir daha dil vasitəsi ilə yaradır, dünya bizə dil vasitəsi ilə görüntülənir. İnsan zehni o qədər mürəkkəb, və dünya o qədər iç- icədir ki, saman çöpünü izah etmək üçün bütün kainatı söküb- qoşmaq lazim gəlir. Hətta "heç" haqqında danışmaq üçün böyük bir təfəkkür prosesinə və dil materyalına ehtiyac var. Belə bir durumda yaxşı başa düşmək olar ki, dildən məhrum olmuş, dili sıxışdırılmış yaxud da yad dilin köləsinə çevrilmış bir şəxsin təfəkkür dünyası getdikcə nə qədər yoxsul bir duruma uğraya bilər. Dil yoxsulluğu düşüncə yoxsulluğuna yol açır, düşüncə yoxsulluğu həqiqətə yadırğamaq fəlakətinə gətirib- çıxarır, həqiqətə yadırğamaq isə insanın payına düşən insanlıq payından məhrum olmaq və bitki yaşayışına razılaşmaq anlamındadır
.

No comments:

 
Site Meter