Tuesday, April 28, 2009

Sintaktik Əlaqələr (4)

İbrahim Rəfrəf


Bundan əvvəl qeyd etdiyimiz kimi, Azərbaycan dilçiliyinde sırf formal şəkilçilər əsasında düşünülmüş 3 növ sintaktik əlaqə təqdim edlməkdə və bütün sintaks həmin 3 formal anlayış əsasında qurulmuşdur:

1 – Yanaşma əlaqəsi
2 – İdarə əlaqəsi
3 – Uzlaşma əlaqəsi

Biz bu metodologiyanı tənqid edərək qeyd etdik ki, sintaktik əlaqə kəlmələrin orqanik bağlantısı əsasında və bağlantının hansı dil ehtiyaclarına cəvab vere biləcəyi baxımından izah edilməli və başa düşülməlidir. Beləliklə sintaktik əlaqənin iki tərəfi var. İki tərəfin hər biri nıtq hissəsi, cümlə üzvü və cümlə ola bilər. Habelə bir sintaktik birləşmənin hasili hazır şəkildə (tikinti materyalı olaraq) yeni sintaktik əlaqələrdə iştirak edə bilər. Sintaktik əlaqənin iki tərəfinin arasında bir də hansısa dil ehtiyacına cəvab verən bir orqanik bağlantı olmalıdır. Sintaktik əlaqənin iki tərəfi hər zaman eyn-hüquqlu deyil. Onların biri tərkibin müstəqil hissəsi (başlığı), o biri tərəfi isə tabe hissəsidir. Bu nöqtədən yola düşərək iddia etmək olar ki, sintaktik əlaqələr ən gənəl halda ancaq söz birləşməsindən ibarətdir, cümlə də hemin anlayış çərçivəsində izah edilməlidir. İnsanlar fikirlərini bildirmək üçün kəlmələri birləşdirib, sintaktik əlaqələr yaradarlar. Daha mürəkkəb fikirləri ifadə etmək üçün daha mürəkkəb sintaktik əlaqələr ortaya çıxar. İndi isə ən bəsit fikir və ən bəsit sintaktik əlaqədən - atributiv əlaqədən danışaq:

1 - Uca dağ
2 - Mavi dəniz
3 - Ulu Tanrı

Bu misallarda birləşmənin hər iki tərəfi bəsit nıtq hissəsidir. İndi isə o misalları elə misallarla əvəz edirik ki, onlarda iştirak edən sifət bəsit sifət deyil, bir fe'li sifətdən ibarət olsun:

1 - Açılmış qapı
2 - Dağıdılmış bina
3 – Döyüşkən iyid.

Göründüyü kimi, əlaqənin özəyi dəyişməyib və əlaqə zatən atributiv əlaqə olaraq qalmaqdadır. Burada yenilik varsa ondan ibarətdir ki, misalların birinci tərəfi bəsit sifət deyil, fe'li sifətdir. Bu isə birləşmənin atributiv mahiyyətinə bir qədər predikativ xarakter artırmışdır. Bu o deməkdir ki, bəsit söz birləşməsi bir addım cümləyə yaxınlaşmışdır, ancaq hələlik cümlə xarakterinə malik deyildir. İndi isə misalları elə misallarla əvəz edirik ki, hər misalın ikinci tərəfi fe'dən törəmiş isimdən ibarət olsun:

1 – sonsuz tərpəniş
2 – sərt danışıq
3 - soyuq davranış

Yenə də burada atributiv əlaqə ilə qarşılaşırıq, ancaq misalların ikinci tərəfi müəyyən qədər predikativ mahiyyət qazanmışdır. Bir addım daha ireliyə geçib, elə misallar önə sürmək olar ki, hər iki tərəf fe'ldən törəmiş nıtq hissəsindən ibarət olsun:

1 – döyüşən birləşmələr
2 – sarsılmış quruluş
3 – Ucalan hönkürtü

Bu misallardan anlaşılır ki, atributiv əlaqə (bir sifət və bir isimdən oluşan əlaqə) addım-addım predikativ mahiyyət qazana bilir və bu istiqamətdə o qədər ireəliyə gedilə bilir ki, birləşmənin bir hissəsi cümlədən ibarət olsun:

1 – İki gündən bəri dəvam edən yağış
2 – Getdikcə güclənən inam
3 – Dünən İçəri Şəhərdən aldığım kitab

Göründüyü kimi, misalların hər birinin birinci hissəsi çox daha geniş ölçüdə predikativ mahiyyət qazanmışdır və cümləyə çox yaxınlaşmışdır. Düzdür ki, bu misallarda birinci tərəflər sözün tam mə'nasında cümlə sayılmaz, ancaq bə'zi bəsit cümlələrdən daha geniş predikativ anlayış ifadə etməkdədir. Buradan bu hökmlə razılaşmağa əsas yaranır ki, sintaks ancaq söz birləşmələrini və onların orqanik bağlantısını öyrənən bilim sahəsidir. Bu bəsit söz birləşmələrinin geniş alana çıxmasından cümlə anlayışı ortaya çıxar.

No comments:

 
Site Meter