Tuesday, April 21, 2009

Sintaktik Əlaqələr (3)

İbrahim Rəfrəf


Nıtqda kəlimələr maddi varlıqları və onların qarşılıqlı etkinleşmələrini təmsil edən simbollardır. Maddi varlıqlar dedikdə canlı varlıqlar, cansız əşyalar və abstrakt məfhumlar nəzərdə tutulur. Yazılı kəlimə isə şifahi kəliməni təmsil edən simboldur. Beləliklə yazılı kəlimə simbolun simbolu olaraq ortaya çıxmışdır. Kəlimələrin arasında olan bağlantının (sintaktik əlaqənin) mahiyyəti bu üzdən maddi varlıqların arasında olan bağlantının güzgüsüdür.
Məsələyə bu yöndən yanaşanda aydın olur ki, bizim sintaktik əlaqələr haqqında düşüncələrimiz nə qədər maddi reallıqdan uzaqlaşmışdır. Örnək olaraq tüm dilçilik qaynaqlarında “uzlaşma əlaqəsi” haqqında verilen qeydləri nəzərdən keçirək:

Uzlaşma əlaqəsi tabe sözün müstəqil sözün tələbinə görə şəxs və kəmiyyət baxımından uyğunlaşmasına deyilir. Buna görə də tabe sözə şəxs məzmunu daşıyan şəkilçilər və kəmiyyət göstəricisi artırılır. Deməli həmin şəkilçilər uzlaşma əlaqəsinin formal əlaməti və göstəricisidir.

Burada hansısa maddi varlıqlar arasında olan bağlantıdan söhbət getmir və bir növ sintaktik bağlantı (uzlaşma əlaqəsi), ancaq və ancaq şəkilçilərin rolu baxımından izah edilir. Uzlaşma əlaqəsinin hansı əşyaları ya fikirləri biri-birinə bağladığı haqda əsla mə'lumat verilmir və bu uzlaşma əlaqəsi deyilən kateqoriyanın gerçək həyatla nə əlaqəsi olduğu təmamilə qaranlıqda qalır. Məsələnin qoyuluşu insanda belə bir fikir yaradır ki, sanki sintaktik əlaqə sadəcə kəlimələrin münasibətinə ayiddir və kəlimələrin təmsil etdiyi əşyalara və varlıqlara əsla dəxli yoxdur.
Bundan əvvəl qeyd etdiyimiz kimi, insanlar əşyaları və varlıqları təcrid olunmüş halda görməzlər, onlar bütün əşyaları atributları ilə birlikdə görərlər, bu üzdən də sifətin isimə bağlanmasına ehtiyac ortaya çıxmışdır. Biz bu əlaqəni “atributiv” əlaqə adlandırmağı uyğun görürük. Hər sintaktik əlaqənin iki tərəfi olmalıdır, yoxsa “əlaqə” sözünun işlənməsinə ehtiyac olmaz. Atributiv əlaqənin bir tərəfi maddi varlıqlar, bir tərəfi də onların atributları olmalıdır: uca dağ, gözəl insan, parlaq günəş. Misllarda göstərilən cütlüklərin iki tərəfi maddi varlıqlar və onların atributlarıdır. Dilçiliyimizdə belə bir xoşagəlməz ənənə var ki, maddi varlıqların arasında olan münasibətlər sanki kəlimələrin arasında olan münasibətlər kimi qələmə verilir. Bir oğlan və bir qız tanışıb evlənəndən sonra, onların arasında eşlik münasibəti yaranır. Bu eşlik münasibəti iki insan arasındadır və belə bir hökmlə heç vəchlə razılaşmaq olmaz ki, bu eşlik münasibəti məhz “ər” və “arvad” kəliməsinin arasında mövcuddur. Sintaktik əlaqələr haqqında da durum eyni ilə belədir. İki kəlimənin arasında olan sintaktik əlaqə gerçək həyatda varlıqların və hadisələrın arasında olan münasibətlərin yazılı ifadəsidir.

No comments:

 
Site Meter