Thursday, April 16, 2009

Sintaktik Əlaqələr (2)

İbrahim Rəfrəf


Azərbaycan dilçiliyində diqqəti cəlb edən məsələlərdən biri üç növ sintaktik əlaqə əsasında yaranmış dilçilik ənənəsidir. Bu üç növ sintaktik əlaqə bu şəkildə ifadə oluna bilər:


1 – Yanaşma əlaqəsi


2 – Uzlaşma əlaqəsi


3 – İdarə əlaqəsi


Yanaşma əlaqəsindən söz edərkən qeyd olunur ki, bu növ əlaqənin iki tərəfi heç bir şəkilçi qəbul etmədən, və sadəcə yanaşma yoluyla bir-biri ilə sintaktik əlaqə oluşdururlar: dəmir qapı, uca dağ, dəli Dümrül.


İdarə əlaqəsindən danışarkən qeyd olunur ki, burada tabe söz müstəqil sözün tələbinə göre ismin müxtəlif hallarında işlənmə məcburiyyətində olur. Bu kimi əlaqələr adəta bir isim və bir fe'l arasında yaranır: dənizə baxmaq, kölgədə dincəlmək, səfərdən qayıtmaq vs.


Uzlaşma əlaqəsinin mahiyyəti belə açıqlanır ki, guya bu kimi əlaqələrdə tabe söz müstəqil sözün tələbinə göre şəxs və kəmiyyət şəkilçiləri qəbul edir və beləliklə ona uyğunlaşır. Buna örnək olaraq hər bir sadə cümləni götürmək olar: Yaşar güldü. Burada birinci hisse (Yaşar) mübtədadır və müstəqil hissə kimi qeydə alınır. İkinci hissə (güldü) xəbərdir və tabe hissə olaraq qəbul edilir. Birinci hissə (Yaşar) üçüncü şəxdir və onun tələbinə göre ikinci hissə (güldü) də eyn biçimdə yə'ni üçüncü şəxsə dəlalət edən şəkilçi qəbul etmişdir. Burada kəmiyyətə göre də uzlaşma var (fikir verin: Yaşar güldü, uşaqlar güldülər).


Azərbaycan dilçiliyində sözlərin sintaktik əlaqəsini bu üç növ (bir o qədər də elmi əsaslara söykənməyən) dar cərçivəyə sığışdırmaq ənənəsi çox geniş şəkildə yayğındır və təəssüflə dilçilik biliminin inkişafı uğrunda böyük əngəllər törətmişdir. Bu görüş tərzinin ən bariz mənfi xüsusiyyəti ondan ibarətdir ki, hər bir sintaktik bağlantını müəyyən şəkişçilər vasitəsi ilə tanımağa çalışır. Doğrudur ki, qramatik şəkilçilərin vəzifəsi sintaktik əlaqələrə qulluq etməkdir, ancaq formal əlamətləri (şəkilçiləri) əsas götürmək onu göstərir ki, sintaktik əlaqələrin mahiyyəti bütünlüklə təhlildən qıraqda qalmaqdadır.


Sintaks biliminin başlıca vəzifəsi ondan ibarət olmalıdır ki, nıtq vasitələri hansı müxtəlif tərzlərdə biri-birinə bağlana bilərlər və insan təfəkkürü ilə bağlı hansı tələbə cəvab verə bilərlər.


Ən sadə misal sifət və isimdən ibarətdir. Bu iki nıtq hissəsinin biri-birinə güclü şəkildi bağlanma meyli var. Bu bağlanma meyli oradan irəli gəlir ki, insan təfəkküründə əşyaların xüsusiyyətlərini (atributlarını) dilə gətirmək həvəsi var. İnsanlar varlıqları və əşyaları mücərrəd halda görməzlər. Onlar dağa baxanda onu ya uca görərlər, ya al, ya yaşıl, ya ceyranlı, ya qarlı, ya ulu, ya min bir başqa xüsusiyyətlərdə. "Yanaşma əlaqəsi"-nin buna nə dəxli var, "şəkilçilərin iştirakı"-nin bu təfəkkür prosesində nə rolu var? Sintaks insan beyni və onun təfəkkür tərzinin güzgüsüdür. Müdriklərin dediyinə görə, hətta hakimlərin beyninə hakim olan şey sintaksdır. Mən bir addım daha irəliyə gedib söyləmək istərdim ki, hətta müqəddəs kitablar da sintaks qaydalarına uymalıdırlar. Bu o deməkdir ki, Tanrı sözü də sintaks qaydalarına uymalıdır və beləliklə bir az mübaləğəli olsa da deməliyk ki, sintaks hətta Tanrı-insan münasibətlərinə də höküm sürməkdədir. Sintaksın bu geniş qapsamlı nüfuzu insan beyninin mürəkkəbliyindən irəli gəlir və hər bir sintaktik əlaqə düşüncə prosesində fəaliyyət göstərən hansısa mexanismlə sıx bağlıdır. İrəlidəki yazılarda bu haqda danışarkən qeyd edəcəyik ki, sintaks biliminə ancaq və ancaq bu yöndən yanaşmaq lazımdır.


No comments:

 
Site Meter