Tuesday, April 14, 2009

Sintaktik Əlaqələr (1)

İbrahim Rəfrəf


İki nıtq hissəsi ya cümlə üzvlərinin arasında olan fəal və orqanik bağlantı sintaktik əlaqənin özəyini təşkil edir. Sintaks sadəcə söz düzümü deyil. Fəal və orqanik bağlantı dedikdə yeni mə'na yaratmaq məqsədi ilə birləşən nıtq hissələri ya cümlə üzvlərinin bağlantısı nəzərdə tutulur. Dildə müxtəlif nıtq hissələri və hesabsız miqdarda leksik materyal və bu materyalların sonsuz həddə birləşmə potensiyalı var.. Dilin sonsuzluğu buradan irəli gəlir.


Sintaksın və sintaktik əlaqələrin vəzifəsi doğru mə'na yaratmaq deyil. Belə olsaydı, yalan danışmaq mümkün olmazdı. Sintaktik əlaqə nıtq hissələrinin ya cümlə üzvlərinin birləşmə qaydalarıdır, və birləşmənin hər iki tərəfi azad şəkildə deyişilə bilmək imkanına malik olmalıdır. Misal üçün ağsaqqal sözü sintaktik birləşmə sayılmaz, bunu mürəkkəb söz olaraq qeydə alırıq və belə hesab edirik ki, cümlədə bəsit bir kəlmə kimi çıxış edir. Onun tərkib hissələrini azad şəkildə dəyişmək mümkün deyildir. Ancaq ağ saqqal sözü sintaktik birləşmədir. Onun hər iki tərəfini azad şəkildə başqa sözlərlə dəyişdirə və yeni mə'nalar yarada bilərik.


Sintaktik əlaqə adəta iki müxtəlif nıtq hissəsi ya cümlə üzvlərinin arasında yaranır, elə hallar da var ki, bağlantının hər iki tərəfi eyn nıtq biçimindən ibarət olur. Bildiyimizə göre, belə hallar ancaq isimlə isim arasında əmələ gəlir ki, dilçilikdə "ismi birləşmələr" adı ilə təqdim edilməkdədir. Hər halda qəti şəkildə demək olar ki, sintaktik əlaqənin hər zaman iki tərəfi olmalıdır və hətta cümləyə gəldikdə də kəskinliklə deyə bilərik ki, cümlə də iki üzvün (mübtəda və xəbərin) orqanik birləşməsidir. Yə'ni sintaks sadəcə söz birləşmələrini öyrənən bilim sahəsidir.


Sintaktik əlaqələr haqqında geniş bəhsə girişmədən öncə bir də onu qeyd etmək lazimdir ki, bağlantının iki tərəfi adəta eyn dəyərə malik deyil. əksər hallarda bunların biri müstəqil hissə, o biri isə tabe hissədir. Misal üçün uca dağ dedikdə dağ nəzərdə tutulur və uca sifəti onun atributu olaraq qəbul edilir. Deməli dağ sözünü müstəqil hissə, uca sözünü isə tabe hissə olaraq dəyərləndiririk. Bunları ayırd etmək üçün yetər ki, birləşmənin başqa nıtq vasitələri ilə necə əlaqəyə girdiyinə fikir verək. Misal üçün uca dağın yamacı dedikdə aydındır ki, yamac sözü dağa ayid olur. Müstəqil hissə bə'zi vaxtlar başlıq adı ilə tanımlanır. Hər sintaktik birləşmənin bir başlığı var, ancaq elə sintaktik birləşmələr də var ki, hər iki tərəfini başlıq hesab etmək olar. Mürəkkəb sözləri sintaktik birləşmələrdən fərqləndirmənin bir yolu da odur ki, mürəkkəb sözun başlığı yoxdur (ağsaqqal sözü barədə qeyd etdiyimiz kimi).


Sintaktik əlaqələr ancaq formal əlamətlər əsasında öyrənilmir. Cümlədə və başqa birləşmələrdə işlənən bu ya başqa şəkilçi müxtəlif məqsədlərə qulluq edər. Sintaktik əlaqələri onların yarada biləcəyi mə'na əlaqələri əsasında təhlil etməliyik.


Doğrudur ki, cümlədə xəbər və mə'lumat daşımaq zərfiyyəti var, ancaq predikativlik (mə'lumat daşımaq qabiliyyəti) sintaktik əlaqələr üçün ön şərt sayılmaz.


No comments:

 
Site Meter