Thursday, March 19, 2009

The Definite And The Indefinite in The Azerbaijanian Turkish

===

Azərbaycan Türkcəsində

Müəyyənlik və Qeyri-müəyyənlik Anlayışı

İbrahim Rəfrəf


Məqalənin Quruluşu:

A – Ümumi Analyış
B – Fonetik Şərtlənmə
C – Leksik Şərtlənmə
===C1 – Özəl Adlar
===C2 – Neytral İsimlər
===C3 – Vahid Əşyaları təmsil Edən İsimlər
===C4 – Saylar
===C5 – Mürəkkəb İsimlər
===C6 – Əvəzliklər
D – Morfolojik Şərtlənmə
===D1 – İsmin Adlıq Halı
===D2 – İsmin Xitablıq Halı
===D3 – İsmin mübtədalıq Halı
===D4 – İsmin Tə'sirlik Halı
===D5 – İsmin Atributiv Halı
===D6 – İsmin Qeyri-Müəyyən Yiyəlik Halı
===D7 – İsmin Müəyyən Yiyəlik Halı
===D8 – İsmin Məsubiyyət Halı
E – Sintaktik Şərtlənmə
===E1 – Deyimlər
===E2 – Atalar Sözü
===E3 – Sifətlərin Rolu
===E4 – Mürəkkəb Fe'llər
===E5 – Cümlə
=====E5.1 – Aspekt
=====E5.2 – Mürəkkəb Cümlə
F – Semantik Şərtlənmə


A – Müəyyənlik Haqqında Ümumi Anlayış

Bütün dillərdə olduğu kimi, Azərbaycan Türkcəsində də isimlərin müəyyənlik və qeyri- müəyyənlik vəziyyətini bildirmək üçün leksik və qramatik vasitələr var. Azərbaycan Türkcəsində müəyyənlik və qeyri-müəyyənlik anlayışı, aşağı plandan yuxarı plana qədər sıra ilə desək, fonetik, leksik, morfolojik, sintaktik və semantik planda şərtlənir. Yuxarı planda şərtlənən müəyyənlik anlayışı aşağı plandaki şərtlənmənin tə'sirini ləğv edə bilir. Qızı çağır misalında morfolojik əlamətə görə (müəyyən tə'sirlik hal) müəyyənlik ifadəsi var. Halbuki, qızı öz başına buraxsan, ya mütürüfə gedər, ya zırnaçıya misalında müəyyən tə'sirlik halın olduğuna baxmayaraq, cümlə sintaktik şərtlənmə nəticəsi olaraq qeyri- müəyyənlik anlayışını ifadə edir.


Dünyanın müxtəlif dillərində ismin müəyyən və qeyri-müəyyən deyə iki durumu qeydə alınır, Bu iki durumu ingilizcədə

1 - I have read a book.

2 - I have read the book.

kimi cümlələrdə görmək olar. Türk dilinə gəlincə durum bir az daha mürəkkəbdir. Fikir verək:

1 - Mən bir kitab oxudum (I read a book).

2 - Mən kitab oxudum.

3 - Mən kitabı oxudum (I read the book).

Aydındır ki, bu misalların ikincisini İngilizcəyə heç vəchlə tərcümə etmək olmaz, çünki o misal bir keçid durumunu təmsil edir. Mən bir kitab oxudum ifadəsi təmamilə qeyri- müəyyəndirsə, mən kitab oxudum misalında bir qədər müəyyənlik var, və mən kitabı oxudum kimi misallarda müəyyənlik daha artıqdır. Görəcəyimiz kimi, Azərbaycan Türkcəsində müəyyənlik kateqoriyası xətti bir miqyas üzərində sıfırdan yüz faizə doğru dəyişkən bir parametr kimi təzahür edir.

İndi isə müxtəlif şərtlənmələri gözdən keçirək:

B – Fonetik şərtlənmə

Bə'zi misallarda, özəlliklə cümlənin mübtədasında, müəyyənlik anlayışını ifadə etmək vəzifəsi kəlmənin vurğusu ya cümlənin daxili intonasiyasının üzərinə düşür, belə ki, çay içildi cümləsi iki şəkildə anlaşıla bilər (misallarda vuğu fərqinə fikir verin):

1 - Çay içildi (bir xeylək danışıldı və çay içildi).

2 - Çay içildi (simavarı söndürün, çünki çay içildi).

Birinci misalda ümumi çay içməkdən (bəlsiz çaydan) söhbət gedirsə, ikinci misal kəskinliklə bəlli çay anlayışını ifadə etməkdədir. Başqa bir misala fikir verək:

1 - Qoyun mələdi (hardansa qoyun səsi gəldi).

2 - Qoyun mələdi (həyətdəki qoyun mələdi).

Gördüyümüz misallar cümlənin mübtədasına aid idi. fe'lin tamamlığında da fonetik şərtlənmə ortaya çıxa bilər:

1 - Yaşar səfərdən gəlib (nəzərdə tutulmuş səfərini bitirib və geri dönüb).

2 - Yaşar səfərdən gəlib (bugünkü ziyafət həmin münasibətlədir).

C – Leksik şərtlənmə

Bə'zi kəlmələr daxili mə'na e'tibarilə və hansısa şəkilçi ya başqa nitq hissəsinin müdaxiləsi olmadan müəyyənlik ya qeyri-müəyyənlik xüsusiyyəti daşıyarlar:

C1 – Özəl adlar ümumiyyətlə müəyyənlik xüsusiyyəti daşıyarlar: Yaşar, Aydın, Leyla.

C2 – Ümumi adlar (ismin adlıq halında, neytral halda, hansısa cümlədə iştirak eləmədən, yə'ni sözlükdə qeydə alındığı vəziyyətdə, başqa sözlə leksem şəklində olan adlar) qeyri- müəyyənlik xüsusiyyətinə malik olurlar: ev, yağış, çiçək.

C3 – Yer, gün, ay, baş nazir, tanrı, təbiət və bu kimi kəlmələr vahid bir nəsnəyə dəlalət elədiyi üçün müəyyənlik xüsusiyyəti daşıyırlar. Bildiyimiz kimi, ismi birləşmələrdə ismin müəyyən və qeyri- müəyyən yiyəlik halları iştirak edir: ana dili, ananın dili. Birinci misalda ümumi, qeyri- müəyyən anadan söhbət gedir. İkinci misalda isə müəyyən bir ananın dilinə müraciət edilir. Daha sonra görəcəyimiz kimi, bu söz birləşmələrinin heç biri kəskin şəkildə müəyyənlikyə yaxud da qeyri-müəyyənliyə qulluq etmir. Türk dillərində bu iki növ birləşmənin əmələ gəlməsinin başqa səbəbləri var. Burada ancaq bunu qeyd etmək lazimdir ki, ölkə başçısı, Azərbaycan Türkcəsi, tanrı hekməti və bu kimi misallarda ismin müəyyən yiyəlik halının işlənməsinə ehtiyac olmur. Yə'ni ölkənin başçısı, Azərbaycanın dili və tanrının hekməti kimi ifadələr düzgün olsalar da, onların işlənmə zərurəti ortadan qalxır. Səbəb ondan ibarətdir ki, bu kimi kəlmələr öz leksik mə'nası hesabına o qədər müəyyənlik xüsusiyyəti daşıyırlar ki, başqa morfolojik əlamətlərin heç cəhətdən yardımçı olacağı zənn edilmir.

C4 – Saylar nominative şəkildə (isim kimi) işlənəndə müəyyənlik bildirirlər: yaşım 20-dir.

C5 – Ömür-gün, gecə-gündüz, mal-qara, qoyun-quzu və bu kimi eyni sözün, bənzər sözlərin yaxud da mütəzad sözlərin birləşməsindən əmələ gələn tərkiblər qeyri-müəyyənlik anlayışı ifadə edirlər.

C6 – Şəxs əvəzlikləri və işarə əvəzlikləri müəyyənlik anlayışı ifadə edir: O, gözəl bir insandır. Habelə qeyri-müəyyən əvəzliklər öz-özünə qeyri-müəyyənlik anlayışı ifadə edir. neçə, harasa, hər kim ...

D – Morfolojik şərtlənmə

Azərbaycan Türcəsində ismin müəyyən yiyəlik halı (günəşin işığı, Yaşarın köynəyi) və müəyyən tə'sirlik halı (kitabı oxudum) və onlara məxsus olan morfolojik əlamətlər ismin müəyyənliyinə dəlalət edən ən bariz qramatik vasitələr kimi tanınmışdır, ancaq bu hökmü ümumiləşdirmək olmaz. Diqqətdən yayınmamalıdır ki, başqa şərtlənmələr nəticəsində müəyyən tə'sirlik hal (kimsəni görmədim) və müəyyən yiyəlik hal (kişinin sözü bir olar) qeyri-müəyyənlik anlayışına yönələ bilər. Habelə qeyri-müəyyən tə'sirlik hal və qeyri-müəyyən yiyəlik hal başqa şərtlənmələr nəticəsində müəyyənlik anlayışını ifadə edə bilər. Bu morfolojik əlamətlər bu imkanı yaradır ki, kəlmə cümlə daxilində öz yerini asanlıqla dəyişə bilsin, çünki bu morfolojik əlamətlər kəlmənin pasportu, kimlik vəsiqəsi olaraq fəaliyyət göstərir, belə ki, Füzulinin divanı birləşməsini Füzulinin söz inciləri ilə dolu divanı şəklində ifadə etmək mümkün olur. Habelə Azərbaycanı gəzdim cümləsi mən Azərbaycanı addım-addım gəzdim şəklində və başqa şəkillərdə də ifadə edilə bilir. Mən çay içdim kimi qeyri-müəyyənlik ifadə edən birləşmələrdə hissələrin arasına başqa nitq hissələri daxil ola bilmir və onlar cümlə daxilində bir-birinə yaxın mövqe tuturlar və ancaq birlikdə yer dəyişə bilirlər.

Müəyyənlik bildirən morfolojik vasitələrin hamısı nisbi şəkildə bu məqsədə qulluq edir. Demək olar ki, kənardan başqa amilllərin müdaxiləsi olmamaq şərtilə, ismin bütün hal şəkilçiləri bir növ nisbi müəyyənlik hissini yaratmağa qulluq edir. Misal üçün şəhərdən çıxmaqşəhərə dönməkşəhərdə qalmaq ifadələri güclü şəkildə müəyyənlik bildirir və nə qədər ki, başqa vasitələr onu pozmamışdır, bu müəyyənlik qəti şəkildə qorunur:

1 - Mən kitabda bu şe'ri oxumuşam. (müəyyən kitab)

2 - Mən bir kitabda bu şe'ri oxumuşam. (qeyri-müəyyən kitab)

Ancaq ismin müxtəlif hallarının hər birində müxtəlif dərəcələrdə müəyyənlik bildirmə qabiliyyəti var.

D1 – Adlıq hal: dediyimiz kimi, bu hal ismin ən neytral halıdır, yə'ni ismin hərhansı sintaktik əlaqədən təcrid olunmüş durumu, başqa sözlə ismin sözükdə qeyd edildiyi durum. Bu durumda özəl ismlər və vahid bir nəsnəyə dəlalət edən ismlər müəyyənlik, ümumi ismlər isə qeyri-müəyyənlik anlayışını ifadə edərlər (dediymiz kimi, cümlə daxilində başqa nitq vasitələrinin müdaxiləsini qeydə almamaq şərtilə).

D2 – Xitablıq hal (vokativ, çağırış hal) kəskinliklə müəyyənlik bildirir: qardaş məni bağışla. Bü müəyyənlik çağırış halının daxili səciyyəsidir. Bir şeyə ya şəxsə xitab etdiyimiz zaman ya onu çağırdığımız zaman onun bəlli bir varlıq olduğunu öncədən tanımış oluruq. Qeyri-müəyyən bir şəxsi ya nəsnəni çağırmaq olmur, belə ki, kimsə, məni bağısla, semantik baxımdan yanlış səslənir.

D3 – Mübtədalıq hal (cümlənin mübtədası rolunda çıxış edən ismlər): öz-özlüyündə neytraldır və başqa qramatik vasitələrin müdaxiləsi ilə müəyyənlik yaxud da qeyri-müəyyənlik xüsusiyyəti daşıya bilər.

D4 – İsmin fe'li halları da ümumiyyətlə neytral sayılır. Bütün dilçilər ismin müəyyən tə'sirlik halını güclü şəkildə müəyyənlik qavramı daşıyan bir hal kimi tanımışlar: mən kitabı oxudum. Ancaq cümlədən asılı olaraq, müəyyənlik dərəci dəyişə, və hətta qeyri-müəyyənliyə yönələ bilər: kitabı diqqətlə oxumaq lazimdir. Hətta oğlanı yoldan eylər, qızın şirin dilləri misalında həm oğlan, həm də qız sözü müəyyən tə'sirlik hal şəkilçisi daşıdığına baxmayaraq, qeyri-müəyyən oğlan və qız hesab edilirlər. İsmin müəyyən və qeyri-müəyyən tə'sirlik halı adlandırdığımız halların hər ikisi, durumdan asılı olaraq həm müəyyənlik, həm də qeyri-müəyyənlik hissi yarada bilər və onları mütləq mə'nada müəyyənlik ya qeyri-müəyyənlik anlayışı ilə bağlamaq kəskinliklə səhvdir. Daha sonra görəcəyimiz kimi, müəyyənlik anlayışı bir növ modallıq sayılır, bu isə danışan şəxsin nitq mövzusuna qarşı münasibəti deməkdir.

Bunlar ismin fe'li halları idi. Görəlim ismin ismi hallarında durum necədir.

D5 – Attributiv hal (sifət rolunda çıxış edən isimlər) ümumiyyətlə qeyri-müəyyənlik hissini ifadə edərlər: dəmir qapı, gümüş piyalə. Bu misallarda dəmir gümüş sözləri qeyri-müəyyən nəsnələrə dəlalət edir, baxmayaraq ki, tərkiblər müəyyənlik anlayışı ilə bağlı ola bilərlər.

D6 – Qeyri-müəyyən yiyəlik hal adlanan hal öz-özlüyündə qeyri-müəyyənlik hissi yaradar: quş səsi, ana dili. Ancaq onda ki, ismin öz daxili mə'nasında müəyyənlik xüsusiyyəti var, həmin hal müəyyənlik xüsusiyyəti ifadə edər: ölkə başçısı, tanrı vergisi. Elə bu səbəbdən Azərbaycan dili mükəmməl ifadədir, çünki Azərbaycan sözündə müəyyənlik anlayışı var, bu üzdən Azərbaycanın dili ifadəsi gərəksizdir. Başqa sözlə, ismin özündə müəyyənlik mə'nası varsa, müəyyənlik şəkilçilərinə artıq ehtiyac yoxdur, necə ki, günəş işığıdövlət nazirliyi təmamilə düzgün quruluşdadır və müəyyənlik hissinə imkan verən tərkibələr sayılır. Həmin hökmə söykənərək bu kimi cümlələri ifadə etməyə cəsarət edirik: İran İslam Cümhuriyyəti Xarici İşlər Nazirliyi Qafqaz İdarəsi.

D7 – Müəyyən yiyəlik hal adlanan hal öz-özlüyündə nisbi tərzdə müəyyənlik hissi yaradar: ağacın budağı. Bir daha qeyd edirik ki, müəyyən yiyəlik hal və qeyri-müəyyən yiyəlik hal adlandırdığımız hallar mütləq mə'nada belə xüsusiyyətləri daşımırlar, bunlar formal adlandırmalar sayılır. Hər iki hal durumdan asılı olaraq həm müəyyənlik, həm də qeyri-müəyyənlik hissini yaratmağa qulluq edirlər.

D8 – Mənsubiyyət halında çıxış edən adlar ümumiyyətlə müəyyənlik bildirər. Bunlar istər təklikdə (sözün doğrudur), istərsə söz birləşməsi biçimində (sənin sözün doğrudur), yə'ni hər iki halda söz birləşməsi sayılır. Bir şeyə ya şəxsə mənsub olmaq az-çox müəyyənlik anlayışı doğurur, özəlliklə onda ki, söz birləşməsinin birinci komponenti ixtisar edilir: oğlumuz gəldi. Ancaq cümlə içində durum dəyişə bilər və tərkib qeyri-müəyyənlik ifadə edə bilər: kişinin sözü bir olar.


E – Sintaktik şərtlənmə

E1 – Deyimlər (məcazi mə'na daşıyan söz tərkibləri) qeyri-müəyyənlik anlayışı ifadə edər: göz gəzdirmək, dəhrəni dibdən vurmaq, qılı qıldan seçmək. Səbəb odur ki, cümlədə deyimlərin tərkib hissələri müstəqil şəkildə qeydə alınmır və tərkib bir bütün leksik vahid kimi cümlədə iştirak edir.

E2 – Atalar sözündə işlənən isimlər ya birləşmələr qeyri-müəyyənlik anlayışı ifadə edirlər: söz danışıqdan keçər, qoruyan gözə çöp düşər. Səbəb də odur ki (deyimlərdə olduğu kimi) atalar sözündə mücərrəd anlamlar və gənəl düşüncələr ifadə olunur. Bir qayda olaraq belə bir hökmlə razilaşmaq olar ki, özəllik müəyyənliyə yol açır, gənəllik isə qeyri-müəyyənliyə, belə ki, kişinin rəngi qaçdı cümləsi müəyyənlik ifadə edirsə, kişinin sözü bir olar cümləsi (ümumi kişiyə aid olduğuna görə) qeyri-müəyyənlik ifadə edir.

E3 – Müəyyənlik ifadə edən sifətlərin iştiraki ilə əmələ gələn birləşmələr müəyyənlik xüsusiyyətinə malik olur. Bu kitab, çağırdığımız qonaq, mavi köynək geyən qız.

Sifətlər müxtəlif dərəcələrdə atributive gücə malik olduğu üçün ismin müəyyənlik dərəcəsini dəyişkən miqdarda artıra bilirlər: qalın kitab, oxuduğum kitab, müqəddəs kitab. Birinci misal məhdud şəkildə müəyyənlik bildirir, belə ki, bir qalın kitab kimi ifadələr meydana çıxa bilər. İkinci misal daha kəskin şəkildə müəyyənlik ifadə edir, səbəb də odur ki, burada fe'li sifət (oxuduğum) cümləyə bənzədiyinə görə tərkibə daha zəngin mə'lumat artırır və müəyyənlik hissinə güclü şəkildə qulluq edir. Bir qalın kitab ifadəsi düzgün olsa da, bir oxuduğum kitab ifadəsi kəskinliklə yanlış səslənir, çünki burada o qədər müəyyənlik hissi var ki, bir sözü, tərkibi yenidən qeyri-müəyyənliyə yönəldə bilmir. Oxuduğum bir kitab başqa şəkildə təhlil edilməlidir. Burada bir sözü birləşmənin ortasında çıxış edərək sifətin və ismin orqanik əlaqəsini zəiflətmiş, özünün qeyri-müəyyənlik mahiyyəti e'tibarilə tərkibə qeyri-müəyyənlik xüsusiyyəti vermişdir.

E4 – Mürəkkəb fe'llər deyimlər kimi, ümumiyyətlə qeyri-müəyyənlik bildirir: dil-ağız eləmək, əldən tutmaq, gönü suya vermək ömrü başa vurmaq. Çay içməkpark etmək kimi fe'li birləşmələr mürəkkəb fe'l kateqoriyasına yaxınlaşır, bu üzdən də qeyri-müəyyənlik bildirir.

E5 – Sintaktik şərtlənmədən danışarkən, qeyd etmək lazimdir ki, müəyyənlik kateqoriyası həm də cümlənin tə'sirinə mə'ruz qalır. "Məktub gəldi." xəbər cümləsində məktub sözü həm müəyyən, həm də qeyri-müəyyən bir məktub ola bilər. Bu danışıqda iştirak edən şəxslərin zehni durumundan və onların öncəki danışıqlarından asılıdır, ancaq "məktub gəldimi?" sual cümləsindəki məktub sözü kəskinliklə müəyyənlik hissi yaradır. Bu misaldan belə anlaşılır ki, sual cümləsində müəyyənlik hissini gücləndirmə qabiliyyəti var, özəlliklə onda ki, cümlənin mübtədasından söhbət gedir.

E5.1 – Dedik ki, müəyyənlik kateqoriyası həm də cümlənin tə'sirinə mə'ruz qalır. Buna misal olaraq fe'lin geniş zaman aspektini qeyd etmək olar, fikir verin: 1- yağış yağar, 2- yağış yağır. Birinci misal kəskinliklə qeyri-müəyyənlik hissi yaradır (yazda yağış yağar), ancaq ikinci misal müəyyənliyə daha çox yönəlikdir.

E5.2 – Mürəkkəb cümlənin bir komponenti başqa komponentində iştirak edən bir ismin müəyyənlik durumuna tə'sir göstərə bilər: Yaşar bir neçə kitab yazıb, kitablar ümumiyyətlə musiqi haqqındır. Burada kitablar sözü birinci hissənin tə'siri altında müəyyənlik xüsusiyyəti qazanmışdır.


F – Semantik Şərtlənmə

Ən kəskin şəkildə müəyyənlik ya qeyri-müəyyənlik anlayışını ifadə edən vasitə cümlənin və cərəyan edən mətnin mə'na yüküdür. Bir kəlmə, iştirak ediyi cümlənin, və hətta öncədən gələn başqa cümlələrin mə'na tə'sirinin altında müəyyənlik xüsusiyyəti qazana bilər. Hər halda bu yazıdan çıxara biləcəyimiz ən önəmli nəticə ondan ibarətdir ki, dilimizdə müəyyənlik anlayışı geniş şəkildə mövcuddur, ancaq bunu ifadə etmək üçün kəskin və vahid bir qramatik vasitə yoxdur. Müxtəlif vasitələr bu anlayışı ortaya çıxarmağa qulluq edir. Müəyyənlik hissi cümlədə danışan şəxsin tərəfindən yaradılır və bunun üçün o, bütün cümlə üzvləri və başqa qramatik vasitələrdən istifadə edə bilir, bu üzdən müəyyənlik zatən danışan şəxsin ismə qarsı münasibəti deməkdir. Bu mə'nada müəyyənlik kateqoriyasını bir növ modallıq adlandırmaq olar.

Cümlənin hansı durumda işləndiyi də əhəmiyyətli rola malikdir. "Kişi gəlib" kimi cümlədəki kişi sözü bizim üçün qeyri-müəyyəndirsə, danışıqda iştirak edən şəxslərin baxımından müəyyənlik hissini ifadə edə bilər, çünki onlar bundan öncəki danışıqlarına istinad edirlər, və o danışıqlar cümlənin məzmununa tə'sir edir.

Dediyimiz kimi, danışan şəxsin cümlənin xəbərinə qarsı münasibəti modallıq adlanır. Bu üzdən müəyyənlik anlayışını ismi modallıq adlandırsaq (müqayisə edin: fe'li modallıq) düzgün ifadə işlətmiş oluruq.




No comments:

 
Site Meter