Wednesday, March 11, 2009

Bir Kitabla Tanışlıq

Söz İnciləri (Ərəb əlifbasında)
Toplayan, Araşdıran və Dilimizə Köçürən:
İbrahim Rəfrəf
Tehran 2009


Söz inciləri (aforizmlər) müdrik şəxsiyyətlərin və təcrübə adamlarının həyata münasibətlərini əks etdirən bədii ifadələrdən ibarətdir. Atalar sözü və zərb-ül-məsəllər bu kateqoriyaya daxil olmur və zatən, Azərbaycan atalar sözü daxil olmaqla, bütün xalqların zərb-ül-məsəllərini bir yerə toplamaq ensiklopedik həcmdə bir elmi çalışmanı tələb edir. Thomas Carlisle “bə'zi vaxtlar bir zərb-ül-məsəlin gücü bütün bir fəlsəfi sistemdən daha artıqdır” – deyə bir ifadə işlətmişdir ki, aforizmlər haqqında da eyn dərəcədə doğru səslənir. İslam dövrünün ədəbiyyatında atalar sözü “zərb-ül-məsəl”, aforizmlər isə “hekmət” adı ilə təqdim edilib, birlikdə isə “əmsal və hekəm” adı altında tanımlanmışdır. Biz qərb mədəniyyətində “aforizm” adlanan yığcam mə'nalı bədii ifadələri “söz inciləri” adlandırmaqla, zənnimizcə doğru yol seçmişik.
Söz yox ki, tarixin bütün genişliyindən və dərinliyindən qaynaqlanan bu hekmətli sözlər həyatın yollarında bizə ən parlaq ulduzlar kimi yolgöstərənlik edir və əngin bir hekmət xəzinəsini paylaşmağa bizim üçün imkanlar yaradır və bir çağlayan bulağa bənzəyir ki, öz qab- qacağının tutumundan asılı olaraq, hər insan istədiyi qədər ondan pay götürə bilər. Bunların mə'na yükü və ifadə tərzləri bə'zən o qədər güclü və dolğun olur ki, bir hekmətli sözün gahdan bir insanın bütün həyat yoluna işıq salacaq qədər və onunla həyat boyu ən sadiq yoldaş kimi addımlayacaq qədər zəngin olduğunu iddia edirsək, doğru bir ifadə işlətmiş olarıq.
Biz söz incilərini toplamaqda və araşdırmaqda müəyyən metoda arxalanmışıq və çeşitli qaynaqlardan faydalanmışıq və belə inanırıq ki, hazırladığımız bu əsər oxucunu ən qısa yolla dünya hekmət qaynaqları ilə tanış etməkdə başarılı olacaqdır.
Bəlli səbəblərə görə biz İslam dininin söz xəzinələrini və Qur'an hekmətlərini və Rəsul əleyhissəlama mənsub olan hədisləri bu əsərə daxil etməmişik, başlıca səbəb isə ondan ibarət olub ki, bu əsərdə böyük siyasət adamlarından tutmuş, Hollivud ulduzlarına və addi şəxslərə qədər müxtəlif siniflərdən hekmətli sözlər nəql olunub və ümumiyyətlə Rəsul əleyhissəlamın yaxud da Qur'anın adını bunlarla yanaşı çəkməyi düzgün hesab etməmişik. Hətta əlimə Fars dilində hazırlanmış bir aforizmlər kitabı çatdı ki, müəllif öz adını Rəsul əleyhissəlamın adı ilə yanaşı çəkmişdi. Bu səbəbdən, dini şəxsiyyətlərin hekmətli sözlərinin müstəqil əsərlərdə toplanmasını məntiqə daha uyğun görmüşük.
Bu qaydanı əsas götürmək şərti ilə, özümün də həyat boyu yaşadığım təcrübələrlə bağlı ürək sözlərimin bu əsərin son hissəsində müstəqil bir bölümə daxil edilməsi uyğun görülmüşdür. Müstəqil bir bölüm də o səbəbdən lazim gəlmişdir ki, öz adımın dünyanın böyük müdrik şəxsiyyətləri ilə yanaşı çəkilməsinə yol verilməsin.
Son olaraq qeyd etməyi lazim görürəm ki, bu əsərdə dərc edilən fikirlər ancaq adı çəkilən müəlliflərin dünya görüşünü təmsil edir və bizim o filirlərin hamısını paylaşdığımıza dəlalət eləməz.
Əsərə daxil olmüş aforizmlər on hissəni ehtiva etməkdədir. Bunları PDF formatında bilgisayara yükləmək aşağıdakı bağlantılar vasitəsi ilə mümkündür:

Söz İnciləri, Ana Bölümlər:
1 – Toplum, Cəmiyyət
2 – İnsan
3 – Duyğu
4 – Yaradıcılıq
5 – Həyat
6 – Bilik
7 – Təfəkkür
8 – Ailə
9 – Vətən
10 – Əlavə başlıqlar

Həyatın anlarına söz inciləri ilə daha da gözəlləşdirmək olur və ömrün hər bir dəqiqəsi az qala təfəkkür dolu bütün bir həyata bərabər olur.

Hörmətlə,
İbrahim Rəfrəf (Redaktor)

anadilbilimocagi@yahoo.com

No comments:

 
Site Meter