Saturday, May 30, 2009

Sintaktik Əlaqələr (6)

İbrahim Rəfrəf
Bundan öncəki araşdırmalarımızdan aydın oldu ki, sintaktik əlaqələrin hər iki tərəfi sadə nıtq hissələri olanda (misal üçün sifət+isim, isim+isim), sintaktik əlaqə qeyri-predikativ mahiyyət daşıyır. İki tərəfin biri yaxud da hər ikisi müxtəlif dərəcələrdə fe'lə doğru inkişaf edəndə, predikativlik xüsusiyyəti getdikcə artır. Zatən sinaktik əlaqənin mə'na genişliyi oradan irəli gəlir ki, fe'li isimlər, fe'li sifətlər və fe'li zərflər tərkibə daxil olur və öz mə'na dinamikliyini büruza verir.
1 - Ağ gül
2 - Açılmış gül
3 - Hərbi birləşmə
4 - Ucalan hönkürtü
5 - Keçən il universitetdə apardığım araşdırma
İndi isə bu prosesi atributiv əlaqədə bir az ətraflı araşdırmağa çalışırıq. Atributiv əlaqənin ikinci tərəfini isim olaraq saxlayırıq və birinci tərəfini fe'lləşdirməyə çalışırıq. Fe'lləşmə prosesi səbəb olur ki, fe'lə məxsus olan xüsusiyyətlər tərkibə daxil olsun, məsələn zaman anlayışı, şəxs anlayışı v.s. Bu tərkiblərin bə'zisi zaman baxımından indiki zamana və geniş zamana dəlalət edir: açılan gül. Bə'zi tərkiblər isə keçmiş zamana dəlalət edir: açılmiş gül. Elə tərkiblər də var ki, gələcək zamanı təmsil edir: görüləcək iş.
İndi isə başqa misala fikir verək: görüləsi iş, içməli su. Bu misallarda zaman anlayışı zəifdir, ancaq burada daha çox fe'lin modallıq xüsusiyyətindən danışmaq olar. Fe'lin mödallığı o deməkdir ki, danışan şəxs nıtqın məzmunu haqqında öz münasibətini bildirir.
Yenə də başqa bir misala nəzər salaq: süzmə yoğurt, gəlmə adam, toxunma köynək. Burada bir az keçmiş zaman anlayışı var və modallıq anlayışı zəifdir, ancaq predikativlik nisbətən güclüdür, belə ki, hər misalı bir cümlə ilə əvəz etmək olar: o yoğurt ki süzülmüşdür, o adam ki gəlmişdir, bir köynək ki toxunmuşdur. Beləliklə müxtəlif fe'li sifətləri isimlərlə birləşdirmək yolu ilə misalların sayını artırmaq və hər birində predikativlik xüsusiyyətlərini ölçmək olar. Predikativlik dərəcəsini ölçməyimizin yolu da ondan ibarətdir ki, birləşmədə fe'lə və xəbərə məxsus olan xüsusiyyətlər nə qədər mövcuddur.
Üstəlik hansı fe'li sifətin işləndiyindən asılı olaraq, müxtəlif kəlmələr o fe'li sifətin ətrafında toplaşa və birlıəşmənin məzmununu zənginləşdirə bilir. Beləliklə tərkib daha çox predikativ mahiyyət qazanır. Misallar:
- gələn qatar > Təbrizdən gələn qatar
- açılan gül > baxcamızda açılan gül
- yollanan qatar > Təbrizə yollanan qatar
- danışan dil > mənə nağıl danışan dil
Beləliklə ismin müxtəlif halları da oyuna daxil olur və birləşmənin məzmununu zənginləşdirir. Bir az daha irəliyə gedib, elə misallar ortaya qoymaq olar ki, birləşmənin tərkib hissəsi bir fe'li sifətdən çox daha zəngin olan bir cümlə ilə əvəz edilsin:
- səni sevirəm deyən dil.
- “öldü var, döndü yox” üstə dirəşən xalq.
Biz bu araşdırmada sadəcə atributiv əlaqəni ələ aldıq və onun birinci tərəfini fe'lləşdirməyə çalışdıq. Misallardan aydın oldu ki, yaranan tərkiblərin dəyişim alanı nə qədər genişdir.

İndi isə atributiv əlaqənin birinci tərəfini isim olaraq saxlayırıq və ikinci tərəfini fe'lləşdirməyə çalışırıq. Bu sahə təbiidir ki, fe'li isimlərin fəaliyyət alanıdır:
1 - təmiz yaşayış
2 - sərt döyüş
3 - incə gülüş
4 - erkən dönüş
Burada fe'li isimlərin iştirakı bizim üçün bundan öncə mövcud olmayan yeni bir imkan yaratmışdır. Bu yeni imkanı anlatmaq üçün eyn misalları genişləndirməyə çalışırıq:
1 - təmiz yaşayış > Bakıda yaşayış
2 - sərt döyüş > düşmənlə döyüş
3 - incə gülüş > dodaqlarda gülüş
4 - erkən dönüş > Təbrizdən dönüş
Oxucu bizə e'tiraz edə bilər ki, “təmiz yaşayış” atributiv əlaqədir, ancaq “Bakıda yaşayış” sözün tam mə'nasında atributiv əlaqə deyil, çünki burada sifət yerinə bir isim işlənmişdir (təmiz yaşayış > Bakıda yaşayış). Bu məsələni belə izah etmək olar ki, “Bakı” sözü isimdir, ancaq “Bakıda” sözü artıq isimdən bir qədər uzaqlaşmış və yeni xüsusiyyətlər qazanmışdır ki, onların biri də “tə'yin” xüsusiyyətidir, belə ki, “Bakıda yaşayış” “Təbrizdə yaşayış” dedikdə sankı iki müxtəlif yaşayış tərzindən söhbət gedir, necə ki, “ağ gül” “qırmızı gül” dedikdə iki müxtəlif gül növlərindən söhbət gedir. Dilçilik materyallarının çoxü bu növ tərkibləri (“Bakıda yaşayış” quruluşunda olan tərkibləri) müstəqil bir söz birləşməsi növü kimi təqdim edirlər, ancaq biz burada iqna edici şəkildə göstərdik ki, bu hansısa müstəqil sintaktik əlaqə deyil, sadəcə atributiv əlaqənin inkişafından əmələ gələn zənginlikdir.
Belə bir fikirlə razılaşmaq olmaz ki, deməli “Bakıda yaşayış” tərkibinin birinci hissəsində hal şəkilçisi olduğuna görə onu sifət tanımaq olmaz. Doğrudur ki, hal şəkilçiləri daha çox qramatik şəkilçilər olaraq qəbul edilir, ancaq elə misallar da var ki, həmin hal şəkilçiləri leksik şəkilçilər kimi fəaliyyət göstərir: “yarım saatlıq birlikdəliyimiz”. Bu misaldan aydın olur ki, hal şəkilçiləri leksik şəkilçilərlə qramatik şəkilçilər arasında keçid təşkil edir. Diqqətə layiq nüktə elə budur. Bu iddia ki, sintaks ancaq söz birləşmələrini araşdıran bilim sahəsidir, belə bir prinsipə söykənir ki, dilin leksik və qramatik quruluşunun arasında bir keçid alanı var.
Deməli “Bakıda yaşayış” tərkibi həm atributiv əlaqədir, həm də atributiv əlaqənin predikativ əlaqəyə doğru inkişafını təmsil edən bir tərkibdir. Bu inkişaf fe'li isim olan “yaşayış” sözünün fəaliyyəti ilə bağlıdır. Həmin fe'li ismin fəaliyyəti nəticəsində bu imkan yaranmışdır ki, tərkib cümlə xüsusiyyətləri qazansın. Yaranmış yeni imkanların işığında tərkiblər daha da genişlənə bilər:
1 - təmiz yaşayış > Bakıda yaşayış > Bakıda dəvam edən yaşayış
2 - sərt döyüş > düşmənlə döyüş > düşmənlə sürəkli döyüş
3 - incə gülüş > dodaqlarda gülüş > dodaqlarda parlayan gülüş
4 - erkən dönüş > Təbrizdən dönüş > Təbrizdən tələsik şəkildə təşkil olunmuş dönüş
Bu misallar bir yana dursun, “Təbrizə doğru hərəkət” misalına ötəri bir nəzər salaq. “Hərəkət” sözü Ərəb dilindən alınma bir sözdür və “fe'li isim” xüsusiyyətinə malikdir. Bu üzdən “Təbrizə doğru hərəkət” tərkibini sadəcə atributiv əlaqənin genişlənmiş forması kimi qiymətləndirmək olar. Burada üstəlik həm də “döğru” sözü işlənmişdir ki, qramatikada “qoşma” adlanır. Qoşmanın oyuna cəlb olunmasına imkan yaradan amil də, dediyimiz kimi, ismi fe'llərin fəaliyyətidir. Bu misalı o səbəbdən vurğuladıq ki, qramatika qaynaqlarında “qoşmalı söz birləşmələri” adı ilə təqdim edilən bir bölüm var. Biz belə inanırıq ki, bu da müstəqil söz birləşmə növü deyil, sadəcə (bu misalda) atributiv əlaqənin predikativliyə doğru inkişafından əmələ gələn yeni imkanların biridir.
Atributiv əlaqədə fe'lin fəaliyyəti nəticəsində əmələ gələn geniş imkanları gözdən keçirəndən sonra, növbəti yazımızda bə'zi misalların təhlili ilə işimizə dəvam edəcəyik.

2 comments:

Hassan Isbalanli said...

səlam ibrahim müəllim
adım həsən. kanadada yaşayan bir azərbaycanli mühacirəm. əslim təbrizlidir. makinə mühəndislik -yüksək lisans- öyrəncisiyəm. səhərdən bəri başlamışam azəri qramer yazıram!!! neynəyim? xanımım farsdır. dostlarım ingiliz fransız! bir ikidillik kitab tapabilmədim. anadilimizin qramerı hakkında (iki tərəfli) kitabız varsa minnət qoyub mənə tanıtdırırmısız? ikincisi bukı eliyəbilərəm sizin saytuzı (ana dil qismətini) tərcumə eliyəm?
sayqı və segilər
h_radvar@yahoo.com

Anonymous said...

Good fill someone in on and this mail helped me alot in my college assignement. Thank you seeking your information.

 
Site Meter