Thursday, January 1, 2009

Azərbaycan Türkcəsində Dəyişkən Deyimsəllik Məsələsi


İ. Rəfrəf
Malmoe Universitəsində Keçirilən Azərbaycan Dili və Höviyyəti Simpozyumuna Sunulmuş Mə’ruzə, Malmoe, 15 April 2003
Yazı ilk olaraq Varlıq dərgisində (sayı 128, 25-ci il, yaz 1382) çıxış etmişdir
Deyimlər məcazi mə'na daşıyan, sabitləşmiş söz ya söz birləşmələrindən ibarətdir:

Qursaqsız.
Sudan quru çıxmaq.
Qazanın dibinə daş atmaq.

"Sabitləşmiş söz ya söz birləşmələri" ifadəsindən belə anlaşılır ki, deyimlərin mə'nası onların tərkib hissələrinin leksik mə'nasından elə çox asılı dəyil. Ancaq bir az sonra görəcəyimiz kimi, deyimlərin ifadə etdiyi mə'na ilə onların tərkib hissələrinin mə'nası arasında dəyişkən dərəcələrdə bağlantı ola bilər, buradan isə dəyişkən deyimsəllik (variablə idiomaticity) anlamı ortaya çıxır.
Deyimlərin başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, onlar vahid bir məcazi mə'na ifadə edərlər, və bu baxımdan onların tərkib hissələrinin arasında olan nəhvi əlaqə cümlə daxilində müəyyən dərəcədə gözəgörünməzdir. Ona görə, deyimlər qramatik dəyişikliklərə uğramadan cümlə daxilində tikinti materyalı şəklində işlənirlər və onlara müəyyən təsrifi dəyişikliklər vərmək asanlıqla mümkün olmur. Məsələn can yandırmaq deyimini canı yandırmaq ya canları yandırmaq şəklinə salmaq mümkün dəyildir.
Türk dilləri və özəlliklə Azərbaycan Türkcəsi deyimlər baxımından zəngin dillər sırasına daxildir, bələ ki, hər bir deyimin bə'zi vaxtlar çəşitli variyantları olur. Misal üçün Farsca yekkə xord deyiminin qarşılığı bu biçimlərdə ola bilir:

Uyuq qaldı, mat qaldı, qutundan qurudu, tüstüsu təpəsindən çıxdı, gözləri bərələ qaldı, gözləri böyüdü, damarları pilləndi, ürəyi qopdu, qan beyninə yügürdü, v.s.

Deyimlər hansı vəzifəyə ximət göstərir?
Urəyi qopdu misalında nə "ürək" həqiqi ürəkdir, nə də "qopmaq" sözü həqiqətən “qopmaq” anlamındadır. Bu deyimin ifadə ətdiyi mə’nanı adi cümlələr vasitəsi ilə ifadə ətmək üçün sözügedən şəxsin psixolojik durumu və onun görkəmində baş verən dəyişiklər haqqında uzun-uzadı danışmaq lazimdir. Beləliklə demək olar ki, deyim qramatik yoldan daha qısa olan kəsə bir yoldur.

Deyimlərin Quruluşca Növləri:
Deyimlər bir kəlmədən də ibarət olduğü halda, söz birləşmələri və ya cümlə biçimində də təzahür edirlər.

Aşağıdakı misallar bir kəlmədən oluşan deyimləri təmsil etməkdədir:

Mənimki səninlə tutmaz, gilə.
Yaşar qursaqsız adamdır.
Yaşar uca səslə danışırdı.
Yaşarın cavabı çox iti idi.

Söz birləşməsi ya cümlə şəklində olan deyimlərə misal olaraq aşağıdakı örnəkləri gözdən kəçirmək olar:

Qara xəbər, ağ gün, dərin hekmət.
Bərk adam, dəmir iradə, boz sifət.
Itin quduran yeri.
Bel bağlamaq, könül vermək, kəlmə kəsmək.
Dildən düşmək, göz goymaq, bara qoymaq.
Can qoymaq, üz döndərmək, haray qoparmaq.
Ayağı yer tutdu, qaş-qabağı yer süpürür.
Qılıcının dalı da kəsir, qabağı da.
Qazanın dibinə daş atdıq.
Sudan quru çıxmaq, dərisinə saman təpmək, dadı damağında qaldı.
Şərti şoxumda kəsmək.
Əli ətəyindən uzun qayıtmaq.
Yeddi dəyirmanda bir ovuc unum yoxdur.

Deyimlər və Atalar Sözü
Atalar sözü (Farsca əmsal və hekəm, İngiliscə saying, proverb) müəyyən bir hekməti ifadə edən cümlə ya cümləyə bənzər ibarətlərə deyilir:

At at olunca, yiyəsi mat olar.

Deyimlərdə isə hər hansı hekməti anlatmaq xüsusiyyəti yoxdur və bunlar sadəcə leksik materyal kimi söz ifadəsinə yardımçı ola bilirlər. Ancaq bə'zi misallarda bir ifadənin kəskinliklə deyimmi, yoxsa atalar sözümü olduğunu kəskinliklə ayırd etmək mümkün olmur:

Yorğanına görə ayağını uzat.
Yerimədən yügürür.
Sıçan olmamış dağarcıq dibi dəlir.
Yağmadan guruldama.

Başqa misallar:
Yaş da qurunun oduna yandı.
Toyuq, dimdiyinə görə qıqqılda.
Hər hekmətə baş uzatma.

Beləliklə bu hökmü çıxarmaq olar ki, deyimlər və atalar sözü arasında bir ortaq bölgə mövcuddur. Necə ki, deyimlər və adi ibarətlər arasında da kəskin sınır yoxdur, belə ki, deyimlər müxtəlif dərəcədə deyim sayılırlar. Başqa sözlə, deyimlər çox zəyif miqyasda məcazi mə'na ifadə etdiyi zaman, adi ibarətlərə yaxınlaşır, və güclü şəkildə məcazi mə'na ifadə etdiyi zaman deyim məquləsinə yaxınlaşır. Misallara fikir verək:

Leksik mə'naya yaxın deyimlər:
Könül vermək.
Kəlmə kəsmək.
Can qoymaq.
Birinə qulaq burması vermək.

Leksik mə'nadan uzaq deyimlər:
Söz dəyirmanını üyütmək.
Əli ətəyindən uzun qayıtmaq.
Keçəni həvəngə salmaq.
Sudan quru çıxmaq.

Atalar sözü deyimlərə yanaşanda, məhdud şəkildə qramatik dəyişiklikləri qəbul edə bilir və deyimlər isə adi ifadələrə yanaşanda daha gəniş miqyasda qramatik dəyişiklikləri qəbul edə bilirlər:

Hər hekmətə baş uzatma.
Adam hər hekmətə baş uzatmaz.
O hər hekmətə baş uzadır.

Atalar sözünün anlatdığı hekmət həm həqiqi, həm də məcazi mə'nada ola bilir. Başqa sözlə atalar sözünün quruluşunda dəyişkən dərəcədə deyimlərdən istifadə ola bilir:

Aralıq sözü ev yıxar.
İki baş bir qazanda qaynamaz.

Deyimlər və Höviyyət
Azərbaycan dili deyimlər baxımından ən zəngin dillər sırasında yer almaqdadır, və deyimlər Azərbaycan höviyyətinin danılmaz hissəsi kimi tanınmaqdadır. İstər klassik ədəbiyyat, istərsə də çağdaş nitq mədəniyyətimiz bu deyimlərlə doludur və həmin məsələ, hətta Türk dilləri ailəsinin məhdudəsində də bizim höviyyətimizi əks etməkdə və başqa Türk xalqlarından fərqləndirməkdədir. Misal üçün öz evinin ağası olmaq bir Azərbaycan deyimi tanınır, ancaq həmin ifadə kəndi evinin əfəndisi olmaq şəklində ortaya çıxsa, kəskinliklə dəmək olar ki, danışıq hansısa Türkiyə atmosferində cərəyan edir.
Deyimlərin tarixi gəlişməsini araşdırmamızdan belə bir qənaətə gəlirik ki, deyimlər əski Türkcədə çox zəyif miqyasda görünür, ancaq dilimiz zaman axınında deyimlər baxımından zənginləşmiş və bugünkü dolğun vəziyyətə ulaşmışdır. Fizulinin əsərlərində bə’zi deyimlərə fikir verək:

Könlüm açılır zülfi- pərişanını görcək,
Nıtqım tutulur qonçəyi- xəndanını görcək.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki- müjqanını görcək.

Fizuli habələ Hadiqətüssüəda-da bu kimi deyimlər işlədir:

Nalə çəkdi, ayaqdan düşdügi zamanda, ol məzlumi ayaqdan bıraqdı, ərsəyi- məydanə yüz tutdi, seylabi- siyasət yürütdi, Həzrəti- Fatimə kəndusinə gəldikdə...

Qövsi- Təbrizi-nin də qəzəlləri Azərbaycan deyimləri ilə dolğundur:

Dillər tökərəm bülbül ü pərvanəyə Qövsi,
Ta bir gün ola, halımı cananə desinlər.

Kimsənin dəyməmişəm könlünə hərgiz ya rəb,
Niyə hər kim ki, yetər könlümü viran eylər?

Ney kimi kirdarımız bəndindədir göftanımız,
Qulluğa bel bağlamaqdır qövlümüz, iqramımız.

Səba bir söz başı bitablərdən açdı, əmma mən,
İki yüz dil töküb bir sünbüli- pürtabə yalvardım.

Öz babını hər kimsə hər yerdə tapar Qövsi,
Mən hər yana kim getdim, divanəyə tuş gəldim.

Yar olub dövlət, əgər düşsəydi bir gün fürsətim,
Saxlanınca, canımı təslimi- yar etməzmidim?

Sənə nəzarə girandır, boyun bəlasın alım,
Məgər bu şivə yamandır, boyun bəlasın alım.

Ancaq dilin bu zəngin sahəsi ciddi təhlükə qarşısındadır, belə ki, Fars dilinin söz tərkibləri və deyimləri getdikcə artan dərəcədə bunları əvəz etməkdədir. Bunun tək səbəbi isə ana dilində təhsil ocaqlarının mövcud olmaması və yayın vasitələrinin təmamilə Fars dilində aparılmasından ibarətdir. Bə'zi misallara fikir vərək:

Yekkə yedim! (uyuq qaldım, qutumdan qurudum, mat qaldım, gözlərim bərələ qaldı, cin təpəmə döydü, qan beynimə yügürdü).
Bərnamə be həm yedi! (bərnamə pozuldu).
Yaşarın sözü mənə bər yedi (yaşarın sözü mənə toxundu, qəlbimə dəydi).
Yaşar xali bağlayır! (Yaşar gop uçurdur, qas basır).
Hol oldum! (əl-ayağımı itirdim, kırıq düşdüm).
Soyuq dəymişəm! (mənə soyuq dəyib, soyuqlamışam, məni soyuq ilişdirib).
Yaşar mənim zowquma vurdu! (neşəmi pozdu, isti aşıma soyuq su qatdı).
Yaşar sərvət bə həm vurub! (sərvət baş bağlayıb, sərvət toplayıb, altını doldurub, özünü bərkidib, yükünü tutub).

Diqqətinizə görə təşəkkür edirəm.


No comments:

 
Site Meter